Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan və Ermənistan ərazisində saxlanılan əsgəri Nəsimi Musayevin atası Rasim Musayev açıqlama verib.
Globalinfo.az-ın Modern.az-a istinadən xəbərinə görə, o bildirib ki, ailəsi əslən Kəlbəcər rayonunun Armudlu kəndindəndir. Daşkəsən rayonunda qeydiyyatda olsalar da, hazırda Gəncə şəhərində yaşayırlar.
Rasim Musayev qeyd edib ki, dörd övladı var: üç oğlan və bir qız. Oğullarından biri Vətən müharibəsi qazisidir, digər oğlu isə hazırda Bakıda hərbi xidmət keçir. Nəsimi Musayev isə Laçın istiqamətində yerləşən N saylı hərbi hissədə xidmət edirdi.
Atası bildirib ki, Nəsimi sağlamlıq vəziyyəti ilə əlaqədar hərbi xidmətə gec çağırılıb. Yastıpəncəli olması səbəbindən tibbi müayinə zamanı müvəqqəti olaraq hərbi xidmətə yararsız hesab edilib. Sonradan isə ona hərbi xidmətə çağırışla bağlı bildiriş gəlib.
Rasim Musayevin sözlərinə görə, hazırda onun ən böyük arzusu oğlu ilə əlaqə saxlamaqdır. Oğlunun taleyindən narahat olduğunu bildirən ata məsələnin həllini gözlədiyini deyib.
Xatırladaq ki, sentyabrın 26-da Nəsimi Musayevin Laçın rayonu istiqamətində xidmət yerində olmadığı müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian rayonunun Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda İrəvanda saxlanılır.