Azərbaycanda dövlət informasiya infrastrukturuna və media subyektlərinə qarşı kiberhücumların baş verməsi kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Bu cür hücumlar informasiya sistemlərinin fəaliyyətinə, məlumatların təhlükəsizliyinə və informasiya mühitinin sabitliyinə ciddi təhdid yarada bilər.
Bəs belə təxribatların qarşısının alınması üçün hansı qabaqlayıcı tədbirlər görülməli, dövlət qurumlarının və media subyektlərinin kibertəhlükəsizliyi necə gücləndirilməlidir?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, bu cür hücumların arxasında bəzən yalnız texniki sistemlərə zərər vurmaq deyil, həm də məlumat əldə etmək, xidmətləri dayandırmaq, etimadı sarsıtmaq və informasiya mühitində qarışıqlıq yaratmaq məqsədi dayanır.
“Belə hallarda ən vacib məsələ hücum başlayandan sonra tədbir görmək deyil, ona əvvəlcədən hazır olmaqdır. Kritik sistemlər daimi nəzarətdə saxlanmalı, şübhəli trafik, qeyri-adi girişlər və sistemlərdəki anormal davranışlar avtomatik aşkarlanmalıdır. Xüsusilə DDoS hücumlarına qarşı müdafiə mexanizmləri, ehtiyat serverlər və alternativ bağlantı imkanları əvvəlcədən qurulmalıdır ki, bir sistem sıradan çıxanda xidmət tamamilə dayanmasın”.
Mütəxəssisin fikrincə, ən çox diqqətdən kənarda qalan məsələlərdən biri də ehtiyat nüsxələrin yaradılması və qorunmasıdır.
“Ehtiyat nüsxələr (backup) sadəcə yaradılmamalı, onların işlək vəziyyətdə olub-olmadığı da mütəmadi yoxlanılmalıdır. Çünki hücum baş verəndə məlum olur ki, ehtiyat nüsxə ya köhnədir, ya da ondan məlumatları bərpa etmək mümkün deyil. Bu, xüsusilə dövlət məlumatları və media arxivləri üçün kritik məsələdir.
Digər ciddi risk əməkdaşların hesabları ilə bağlıdır. Administrator hesabının parolu ələ keçirilərsə, hücumçu bəzən bütün sistemi idarə etmək imkanı əldə edə bilər. Buna görə də çoxfaktorlu autentifikasiya, güclü parol siyasəti və giriş səlahiyyətlərinin məhdudlaşdırılması vacibdir. Hər bir əməkdaşın yalnız öz vəzifəsini yerinə yetirmək üçün zəruri olan sistemlərə çıxışı olmalıdır”.
Elvin Həsənov
E.Həsənov qeyd edib ki, media qurumları üçün kibertəhlükəsizlik məsələsi xüsusilə həssasdır.
“Çünki saytın və ya sosial media hesabının ələ keçirilməsi saxta məlumatların yayılmasına səbəb ola bilər. Belə vəziyyətdə texniki hücum informasiya hücumuna çevrilir. Buna görə də redaksiya panelləri, sosial media hesabları və domenlərin idarəetmə sistemləri ayrıca qorunmalıdır.
Hesab edirəm ki, dövlət qurumları ilə media subyektləri arasında operativ məlumat mübadiləsi də vacibdir. Bir qurumda yeni hücum üsulu aşkarlanarsa, digər qurumlar da bu barədə dərhal məlumatlandırılmalıdır. Çünki eyni hücum ssenarisi qısa müddət ərzində bir neçə hədəfə qarşı istifadə oluna bilər”.
Zaira Akifqızı
Globalinfo.az