43428df3 272d 4e41 a954 d080b8655978

Türkiyədən Azərbaycana yönələn təhdid, hədə və şantajın miqyası hər gün daha da artır. Bu hücumlarda əsas iki xətt var: İsraillə münasibət və hicab mövzusu. Hər ikisi də manipulyasiya vasitəsidir. Çünki İsraillə Azərbaycanın siyasi-diplomatik əlaqələri 1992-ci ildən var. Zaman keçdikcə münasibətlər daha da inkişaf edib və müttəfiqlik mərhələsinə keçib. Bu da olduqca normaldır – dövlətlər dost, müttəfiq, tərəfdaş seçməkdə azaddırlar, bu məsələyə üçüncü bir dövlətin müdaxiləsi əsla yolverilməzdir. Necə ki, onilliklər boyu Ankara ilə Təl-Əviv normal münasibətlər sisteminə malik olub.

Hicaba gəlincə, Azərbaycanda hicab və baş örtüsü qadağan edilməyib, sadəcə Nazirlər Kabinetinin qərarı var: şagirdlər təhsil müəssisəsinə NK-nın müəyyən etdiyi vahid məktəbli geyimlə gələ bilər. Bu qədər aydın izahdan sonra qara PR kampaniyası dayanmır, əksinə, hər gün artan xətt üzrə davam edir. Məqsəd Azərbaycanı, Prezident İlham Əliyevi hədəf göstərməkdir, nüfuzdan salmağa çalışmaqdır.

Türkiyənin iqtidaryönlü media orqanları və hakim partiyanın (AKP) bəzi rəsmiləri tərəfindən Azərbaycanın İsraillə olan legitim strateji, iqtisadi və müdafiə əlaqələrinə qarşı yönələn ittihamlar tam bir siyasi riyakarlıq nümunəsidir. Azərbaycanın xarici siyasəti hər zaman şəffaf olub və heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Lakin rəsmi Ankaranın Bakını hədəf seçməsinə qarşı Türkiyənin, xüsusilə də AKP iqtidarının İsraillə olan dərin və tarixi əlaqələrinə dair rəqəmlər təkzibolunmaz faktdır.

Türkiyə mediası Azərbaycanı ittiham etsə də, müasir tarixdə ilk dəfə bir İsrail Prezidentinin (Şimon Peres) müsəlman bir ölkənin parlamentində (TBMM) çıxış etməsi məhz AKP iqtidarının dövründə, 13 noyabr 2007-ci ildə baş verib. Həmin iclasda o zamankı Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident Abdulla Gül ön sıralarda əyləşərək Peresin ivrit dilində etdiyi çıxışı ayaqüstə alqışlayıblar.

van1

22 dekabr 2021-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan Ankaradakı Prezident Sarayında İslam Ölkələrinin Ravvinləri Alyansının (ARIS) nümayəndə heyətini və Türkiyə Yəhudi İcmasının rəhbərlərini qəbul edib. Həmin görüşdə Ərdoğan ravvinlərə müraciət edərək onlardan “Türkiyə–İsrail münasibətlərinin yenidən canlandırılması üçün dəstək” istəyib və yəhudi dini liderləri tərəfindən Ərdoğana yəhudi simvollarından biri olan yeddiqollu şamdan (Menora) hədiyyə edilib. Sonradan buna oxşar tədbirin Azərbaycanda keçirilmək məsələsi olanda Türkiyədə əsl qiyamət qopmuşdu.

9cdd70c7 9e67 427e a678 6ef183d8c032 1

Rəcəb Tayyib Ərdoğan 2004-cü ildə ABŞ-a rəsmi səfəri zamanı Amerika Yəhudi Konqresi (American Jewish Congress) tərəfindən yəhudi icmasının qorunması və Yaxın Şərqdə sülh səylərinə görə “Profiles in Courage” (Cəsarət Profili) mükafatına layiq görülüb. Ərdoğan bu ali yəhudi mükafatını şəxsən qəbul edib. Sonradan (2014-cü ildə Qəzza böhranı fonunda ritorik toqquşmalar zamanı) mükafatın geri qaytarılması barədə şou xarakterli məktublaşmalar olsa da, AKP-nin ən güclü dövrlərində qlobal yəhudi lobbisi ilə qurduğu bu strateji yaxınlıq faktdır.

gettyimages 2903141 594x594 1

Türkiyənin İsraillə iqtisadi-ticari əlaqələri bu gün də davam edir. Buna dair təkzibolunmaz faktlar əsasında indiyədək yerli və beynəlxalq mediada bir neçə yazı dərc olunub. O məqalələrdə xarici dövlətlərin bayraqları altında Türkiyəyə məxsus gəmilərin İsrail limanlarına yan alması, ora ən müxtəlif malları daşıması aydın şəkildə göstərilib. Beynəlxalq hesablarda açıq şəkildə göstərilir ki, Türkiyə İsraillə ticarət əlaqələrinə görə ilk beşlikdə yer alır.

Bu faktları görməzdən gəlib, Azərbaycanı İsraillə normal, şəffaf və legitim əlaqələrə görə ittiham etmək, bunu az qalsın islama xəyanət saymaq hansı siyasi əxlaqa sığır? Sabah AKP iqtidarı İsraillə barışsa (necə ki, bu, qaçılmazdır) nə deyəcəklər? Azərbaycanın üzünə necə baxacaqlar? Yaxud AKP hökuməti dövrü də daxil olmaqla on illər boyu mövcud olmuş İsrail–Türkiyə münasibətlərinə görə rəsmi Ankara Fələstin xalqından, Qəzza əhalisindən üzr istəyib? Buna gərək də yoxdur. Siyasətdə əbədi dost və ya daimi düşmən olmur, sadəcə dövlətlərin əbədi maraqları olur.

Türkiyə mediası İsraillə yaxından əməkdaşlıq edən, müttəfiqlik büsatı quran, silah alveri edən Yaxın Şərqin müsəlman ölkələri haqda bir sətir də olsun yazmır. Bəs nədən Azərbaycan hədəf göstərilir? Demək, ortada başqa məqsədlər, hədəflər və qara niyyətlər var. Hamısı bəlli olacaq.

212fab0e 0e86 4e7a af4d 7a02a4608eba 3acc74b8 6bb1 463d a3b3 543dcf309fcf 1

Tahir Turan

Globalinfo.az

Paylaş: