MHP lideri Dövlət Baxçalı Türkiyədə hicab məsələsi üzərindən Azərbaycana qarşı hücumları qınayıb. Bəyan edib ki, bu, Azərbaycanın daxili məsələsidir: “Hər bir türk respublikası öz daxilində müstəqil və suveren dövlətdir. Türk dövlətləri arasındakı əməkdaşlıq bu suverenlik anlayışını əsas götürür, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf edir”.
Baxçalı əsas diqqətin türk dünyasında birliyə yönəldilməsi çağırışını edib.
Türkiyədə Azərbaycanı dəstəkləyənlər hər zaman milli kəsim olub. Birinci Qarabağ müharibəsində Türkiyə hökuməti Azərbaycana dəstək vermədiyi halda, millətçilər cəbhədə döyüşürdülər. AKP də hakimiyyətə gələndə Azərbaycanla münasibətlər indiki səviyyədə deyildi. Türkiyə və Ermənistan arasında “fitbol diplomatiyası” və “Sürix protokolları” bunun tarixi nümunələrindəndir. Türkiyədə buna etiraz edən və qarşısının alınmasında rol oynayanlar millətçilər oldu.
Azərbaycanla Türkiyə arasında siyasi elitanın yaxınlaşması xüsusilə 2010-cu ildən sonra başladı. Bu məsələdə də MHP rol oynayıb. Həmin vaxt Türkiyənin xarici siyasətində müstəqil xətt önə çıxır, AKP və MHP arasında müəyyən yaxınlaşmalar müşahidə edilirdi. Daha sonra MHP-nin AKP ilə eyni cəbhədə yer alması Bakı-Ankara xəttində siyasi bağları daha da gücləndirdi.
Bu gün Türkiyə hakimiyyətində də təmsil olunan müəyyən dini qrupların Azərbaycan əleyhinə çıxışları iki ölkə arasındakı bağları qoparmaq gücündə deyil. Çünki Türkiyə ictimaiyyətində millətçi kəsim Azərbaycanın yanındadır, sekulyarların da geniş dəstəyi müşahidə edilir. MHP-nin hakim “Cümhur ittifaqı”nın, həm də Türkiyə dövlətinin əsas sütunlarından olması isə Bakıya təkcə ictimai yox, həm də siyasi dəstək deməkdir.
Baxçalı Azərbaycanı müdafiə etməklə bunun mesajını verdi.
Asif Nərimanlı