Azərbaycan qadınının geyim mədəniyyətində kəlağayının özünəməxsus yeri var. İllər, nəsillər dəyişsə də, bu ənənə öz dəyərini itirməyib. Bir vaxtlar analarımızın, nənələrimizin gündəlik həyatında daha çox rast gəlinən kəlağayı bu gün də qadınlarımız tərəfindən sevilir və istifadə olunur. Mənim anam da uzun illərdir kəlağayı bağlayır, nənələrimin də kəlağayıları olub. Özüm də bu baş örtüyünü çox sevirəm, hərdən istifadə edirəm. Ona görə kəlağayı mənim üçün yalnız milli geyim nümunəsi deyil, həm də ailəmdən tanıdığım, doğmalıq hissi yaradan bir ənənədir.
Bəlkə də ailəmdə bu ənənəni görərək böyüdüyüm üçün kəlağayı mənə həmişə doğma gəlib. Onu başqa qadınların başında görəndə də diqqətimi çəkir. Düşünürəm ki, bəzi milli dəyərlər var, onları qorumaq üçün ayrıca nəsə öyrənməyə ehtiyac qalmır. İnsan həmin dəyərləri ailəsində görür, böyüdükcə mənasını daha yaxşı anlayır.
Kəlağayı mənim üçün sadəcə geyimin bir hissəsi deyil. O, Azərbaycan qadınının illərdir yaşatdığı bir ənənədir. Analarımızın, nənələrimizin gündəlik həyatında öz yeri olan bu ipək örtük zamanla dəyişən geyim dəbinə baxmayaraq, milli mədəniyyətimizin bir parçası olaraq qalır. Əvvəllər kəlağayıya daha çox qadınların gündəlik geyimində rast gəlinirdisə, bu gün onu bəzən milli bayramlarda, mərasimlərdə, müxtəlif tədbirlərdə görürük. Ancaq məncə, kəlağayının yalnız xüsusi günlərdə xatırlanması onun gündəlik həyatda yaşadılması ilə eyni deyil.
Azərbaycan qadını əsrlər boyu geyimi, davranışı, ailədəki mövqeyi və adət-ənənələri ilə milli mədəniyyətin qorunmasında mühüm rol oynayıb. Kəlağayı da bu mədəniyyətin ayrılmaz hissəsidir. Onun rəngləri, naxışları, hazırlanma üsulu xalqımızın zövqünü və sənətkarlıq ənənələrini əks etdirir. Bu örtüyün hazırlanması sadəcə parça istehsalı deyil, ustalıq və səbir tələb edən bir sənətdir. Təsadüfi deyil ki, Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Amma burada məni düşündürən başqa bir məqam da var: görəsən, bugünkü gənc qızlarımız kəlağayının tarixini, onun Azərbaycan qadınının həyatındakı yerini nə dərəcədə tanıyırlar? Onlar bu örtüyü yalnız milli geyim nümunəsi kimi görürlər, yoxsa onun arxasında dayanan ənənəni də bilirlər? Çünki bir dəyəri sevmək üçün bəzən əvvəlcə onu tanımaq lazımdır.
Əlbəttə, hər kəsin geyim seçimi özünə aiddir. Kəlağayıdan istifadə etmək də şəxsi seçimdir. Ancaq milli mədəniyyətə aid olan belə bir sənətin unudulmaması üçün onu yalnız muzeylərdə, sərgilərdə və bayram tədbirlərində nümayiş etdirmək kifayət etmir. Kəlağayı istehsal edən ustalara dəstək göstərilməli, bu sənət gənclərə tanıdılmalı, müasir geyim üslubunda da ona yer verilməlidir. Ənənə o zaman yaşayır ki, insanlar onu keçmişdən qalan bir əşya kimi deyil, bu günün də bir parçası kimi qəbul edirlər.
Mən özüm kəlağayıdan hərdən istifadə etsəm də, düşünürəm ki, bu ənənənin yaşadılması üçün hər birimizin edə biləcəyi nələrsə var. Bəzən anamızın, nənəmizin istifadə etdiyi bir əşyanın dəyərini yalnız illər keçəndən sonra anlayırıq. Halbuki həmin əşyalar ailəmizin tarixini, böyüdüyümüz mühiti və bizə ötürülən dəyərləri özündə yaşadır.
İstərdim ki, daha çox Azərbaycan qadını kəlağayı bağlasın. Bu, bütün qadınların mütləq kəlağayıdan istifadə etməli olduğu anlamına gəlmir. Sadəcə, öz mədəniyyətimizə aid olan bir ənənənin yeni nəsillər tərəfindən də tanınmasını və sevilməsini arzulayıram.
Çünki kəlağayı mənim üçün anamın və nənələrimin həyatından tanıdığım, özümün də sevərək istifadə etdiyim bir milli dəyərdir. İstərdim ki, bu ənənə bizim nəsillə bitməsin. Sabah başqa ailələrdə də qızlar analarının, nənələrinin kəlağayısını görsünlər, onun hekayəsini dinləsinlər və istəsələr, özləri də bu ənənəni davam etdirsinlər. Milli irsi qorumaq bəzən elə ailəmizdən başlayan bu kiçik, amma mənalı addımlardan keçir…
Zaira Akifqızı
Globalinfo.az