foto

“Son iki gündə Azərbaycanda müşahidə edilən proseslərin xarakteri göstərir ki, baş verənləri yalnız ayrı-ayrı şəxslərin spontan reaksiyası kimi qiymətləndirmək kifayət deyil”.

Bu fikri Globalinfo.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, xüsusilə sosial media platformalarında eyni məzmunun, eyni ifadə konstruksiyalarının və hətta eyni orfoqrafik səhvlərin qısa zaman intervalında çoxsaylı hesablar vasitəsilə sistemli şəkildə tirajlanması informasiya fəaliyyətində koordinasiya əlamətlərinin mövcudluğunu göstərir:

“Aparılan müşahidələr zamanı xaricidilli istifadəçilərin Azərbaycan dilində formalaşdırılmış eyni həştəq altında qısa müddətdə 400-dən artıq paylaşımın etməsi, bəzi hesabların eyni məzmunu dəfələrlə təkrarlaması, müxtəlif foto və videomaterialların kontekstindən çıxarılaraq Azərbaycanla əlaqələndirilməsi diqqət çəkir. Eyni yazı üslubu, identik mətnlər, “copy-paste” şərhlər, paylaşım fəallığının müəyyən zaman intervallarında sinxron şəkildə yüksəlməsi informasiya məkanında mərkəzləşdirilmiş və koordinasiyalı fəaliyyət ehtimalını gücləndirən əlamətlərdir. Bu cür metodlar müasir informasiya müharibəsində və hibrid təsir mexanizmlərində geniş istifadə olunan alətlər sırasına daxildir”.

aydin huseynov esas 900x600 1

Aydın Hüseynov

Deputat qeyd edib ki, İran ilə Türkiyənin media və sosial media seqmentlərində, əsasən “X”, “Telegram” və “TikTok” platformalarında Azərbaycanla bağlı eyni istiqamətli məzmunun intensiv şəkildə yayılması ayrıca diqqət tələb edir:

“Burada söhbət təkcə ayrı-ayrı paylaşımlardan və ya fərdi mövqelərdən getmir. Süni şəkildə “kütləvi narazılıq” görüntüsünün yaradılması, real ictimai rəyin təhrif olunması, həssas dini məsələlərin siyasi səfərbərlik alətinə çevrilməsi, ictimai davranışa təsir göstərmək cəhdləri dövlətin informasiya suverenliyinə və ictimai-siyasi sabitliyinə yönəlmiş risklər yaradır. İnformasiya müdaxiləsi müasir təhlükəsizlik anlayışında ayrıca strateji istiqamət kimi qiymətləndirilir. Bu gün dövlətlərin təhlükəsizliyi yalnız fiziki sərhədlərin qorunması ilə məhdudlaşmır. İnformasiya məkanı, ictimai rəy, sosial şəbəkələr və rəqəmsal kommunikasiya kanalları da milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. Xaricdən koordinasiya olunan informasiya kampaniyalarının mövcudluğu ölkədə ayrı-ayrı qrupların, şəxslərin davranışlarının da xarici təsir və yönləndirmə altında formalaşması ehtimalını artırır”.

A.Hüseynov əlavə edib ki, belə ehtimalların hüquqi və faktoloji baxımdan tam müəyyənləşdirilməsi səlahiyyətli dövlət qurumlarının araşdırmasının predmetidir:

“Burada hər hansı nəticəni qabaqcadan elan etmək deyil, müşahidə olunan koordinasiya əlamətlərini ciddi şəkildə araşdırmaq vacibdir. Əgər xarici informasiya mərkəzləri ilə ölkə daxilindəki ayrı-ayrı şəxslər və qruplar arasında təşkilati və ya koordinasiya əlaqələri müəyyən edilərsə, bu artıq sadəcə informasiya fəaliyyəti yox, dövlətin daxili ictimai-siyasi proseslərinə təsir göstərmək cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycanın informasiya suverenliyinin, konstitusion quruluşunun və ictimai sabitliyinin qorunması dövlət siyasətinin fundamental istiqamətlərindəndir. Bu baxımdan belə halların bütün hüquqi və institusional mexanizmlər çərçivəsində araşdırılması, faktların müəyyənləşdirilməsi, cəmiyyətə obyektiv məlumatın təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: