Azərbaycanda cəzaçəkmə müəssisəsində baş vermiş və indiyədək ictimaiyyətə məlum olmayan qətl hadisəsinin təfərrüatları məhkəmədə üzə çıxıb. Məhkumu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə keçirilən prosesdə şahidlərin ifadələri diqqətçəkən məqamlarla yadda qalıb.
Globalinfo.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə 7 saylı cəzaçəkmə müəssisəsindən gətirilən şahidlər dindirilib.
Məhkəmədə ifadə verən H.T. həmin müəssisədə cəza çəkdiyini və ixtisasca feldşer olduğunu bildirib.
Şahidin sözlərinə görə, hadisə baş verən gün o, müəssisənin tibb məntəqəsində olub:
“Xəqaninin meyitini tibb məntəqəsinə gətirdilər. Mən orada həkimə kömək edirdim. İlkin tibbi yardımdan sonra məhkumun vurulduğu məlum oldu. Xəqanini də, Nurullanı da tanıyırdım. Heç biri ilə problemim olmayıb”.
“Namaz qılan adam idi, ondan belə şey gözləməzdim”
Şahid təqsirləndirilən Nurullah Əkbərlinin səhhətində müəyyən problemlər olduğunu da açıqlayıb.
Onun sözlərinə görə, N.Əkbərli əsəb sistemi ilə bağlı şikayətlərlə tibb məntəqəsinə müraciət edirmiş:
“Nurulla əsəb sistemi ilə bağlı bizə müraciət edirdi, qıcolması vardı. Ona sakitləşdirici iynə vurmuşduq. Bir ay karserdə qalmışdı. Namaz-dua edən adam idi. Hadisəni eşidəndə heyrətə düşdüm. Ondan belə bir iş gözləməzdim”.
“Xəqani onu kölgə kimi izləyirdi”
Məhkəmədə ifadə verən digər şahid N.Z. isə hadisədən sonra Xəqani Şükürovun öldüyünü eşitdiyini bildirib.
O, təqsirləndirilən şəxsin sakit xarakterli olduğunu deyib:
“Bu adam sakit idi. Nə vaxt görürdün, kitab oxuyurdu, idman edirdi. Xəqani onu təhrik edirdi, əxlaqsız davranışlar nümayiş etdirirdi. Nurullanı kölgə kimi izləyirdi, gözünü ona dikib baxırdı”.
Şahidin bu sözləri məhkəmə zalında hadisədən əvvəl məhkumlar arasında yaranmış münasibətlərlə bağlı diqqətçəkən məqamlardan biri olub.
Məhkəmənin növbəti iclası noyabrın 3-ü saat 16:00-a təyin edilib.
Qeyd edək ki, hadisə barədə əvvəllər mediada məlumat yayılmayıb.
İttihama əsasən, hadisə 2025-ci il noyabrın 10-da 7 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Həmin müəssisədə cəza çəkən Nurullah Əkbərli şəxsi münasibətlər zəminində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirməkdə təqsirləndirilir.
Nurullah Əkbərliyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə ittiham elan edilib.