zelenski putin tramp

Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsi ilə bağlı razılaşma əldə etmək üçün ukraynalı həmkarı Volodimir Zelenskidən daha çox səy göstərir. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Onlar razılaşma əldə edəcəklər. Düşünürəm ki, Putin əslində razılaşmanı Zelenskidən daha çox istəyir”, – deyə ABŞ lideri qeyd edib.

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Donald Trampın Vladimir Putinin sülh sazişi bağlamağa Ukrayna Prezidenti Volodimir Zelenskidən daha çox maraqlı və meylli olduğunu bəyan etməsi Ağ Evin yürütdüyü cari geosiyasi və daxili siyasət strategiyasının tərkib hissəsidir:

“Tramp bu cür bəyanatlarla eyni vaxtda bir neçə mühüm hədəfə nail olmaq istəyir. Onun əsas məqsədi Kiyevi ABŞ-ın diktə etdiyi şərtlərlə sülh danışıqları masasına oturmağa məcbur etməkdir. O, Putini “sülh tərəfdarı”, Zelenskini isə “sülhə mane olan tərəf” kimi təqdim edərək Ukrayna rəhbərliyini beynəlxalq ictimaiyyət qarşısında çətin vəziyyətə salmağa çalışır. Hətta Tramp açıq şəkildə Ukraynada hakimiyyət dəyişikliyinin vaxtının çatdığını və ölkəyə “saziş bağlaya biləcək yeni prezidentin” lazım olduğunu iddia edir.

Tramp administrasiyası Rusiya ilə ABŞ və dünya bazarlarına milyonlarla ton dizel yanacağının tədarük edilməsini nəzərdə tutan iqtisadi müqavilə bağlayıb.

Ukraynanın Rusiyanın neft emalı zavodlarına və enerji infrastrukturuna zərbələr endirməsi isə bu tədarükü və qlobal yanacaq qiymətlərini təhlükəyə atır. Tramp Zelenskini “dünyaya problem yaratmaqda” ittiham edərək Ukraynanın bu hücumları dayandırmasını tələb edir. ABŞ-da keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində Tramp amerikalı seçicilərə ölkədəki yüksək yanacaq qiymətlərini aşağı salacağını vəd edir. O, ölkə daxilindəki bahalığın günahını Rusiyanın üzərinə deyil, müharibəni davam etdirən və Rusiyanın neft obyektlərinə zərbələr endirən Ukraynanın üzərinə yıxmağa çalışır.

bakir hesenbeyli

Bakir Həsənbəyli

Tramp tərəflər arasında birtərəfli qaydada “enerji atəşkəsi” elan etsə də, Rusiya Ukraynanın enerji infrastrukturunu bombalamağa davam edib. Zelenski bu hücumları “Putinin Trampa cavabı” adlandıraraq atəşkəsin pozulduğunu bəyan etdikdə, Tramp “hər iki tərəfdən pozuntular var” deyərək balansı qorumağa və Putini müdafiə etməyə üstünlük verir”.

Politoloqun fikrincə, Tramp müharibəni qısa müddətdə bitirə biləcək yeganə lider imicini yaratmaq niyyətindədir:

“Putinin danışıqlara hazır olduğunu iddia etməklə o, öz vasitəçilik missiyasını uğurlu kimi göstərmək və sülhün gecikməsinə görə məsuliyyəti Kiyevin və Avropa müttəfiqlərinin üzərinə qoymaq istəyir”.

Bakir Həsənbəyli bildirib ki, buna baxmayaraq, Ukrayna hərbi və iqtisadi baxımdan ABŞ-ın yardımından asılı olduğu üçün danışıqlara qapıları tamamilə bağlamır. Politoloq deyib ki, Trampın Zelenskini güzəştə məcbur etmək üçün güclü iqtisadi və hərbi rıçaqları var:

“Lakin Ukrayna cəmiyyətinin və rəhbərliyinin ərazi bütövlüyü məsələsindəki qətiyyəti bu prosesi Tramp üçün olduqca çətinləşdirir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: