Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, siyasi gərginliklər və dağıdıcı təbii fəlakətlər bəşəriyyətin gələcəyi ilə bağlı narahatlıqları artırır. Nepalda daşqınların evləri və körpüləri dağıtması, müxtəlif ölkələrdə davam edən silahlı münaqişələr və qlobal miqyasda artan qeyri-sabitlik bir sıra suallar yaradır.

Bəzi insanlar bu hadisələri dünyanın sonunun yaxınlaşması ilə əlaqələndirirlər.

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, İslam dinində qiyamət anlayışı iki istiqamətdə izah olunur: kiçik və böyük əlamətlər:

“Kiçik əlamətlərə gəldikdə, Yer üzündə daşqınların və qasırğaların baş verməsi, fitnə-fəsadın yayılması, insanların bir-birinə xəyanət etməsi, rüşvətin artması, faizin bütün evlərə girməsi və dünyanın müxtəlif fəlakətlərlə üzləşməsi kimi hadisələri görürük. Fitnə-fəsadın cəmiyyətləri bölməsi, əxlaqsızlığın artması, mənəvi dəyərlərin tapdalanması, maddi varlıqların və binaların dağılması da bu kontekstdə qeyd olunur.

Qiyamətin böyük əlamətlərinə gəlincə, Yəcuc və Məcucun ortaya çıxması, Dəccalın meydana gəlməsi, Həzrət İsanın (əleyhissalam) və Həzrət Mehdinin gəlişi, eləcə də Günəşin şərqdən deyil, qərbdən doğması kimi hadisələr böyük əlamətlər hesab olunur”.

İlahiyyatçının sözlərinə görə, Qurani-Kərimin “Əraf” surəsinin 187-ci ayəsində də qiyamətin vaxtı ilə bağlı sualın cavabı verilir:

“Peyğəmbərimizin dili ilə qiyamətin nə zaman baş verəcəyi soruşulur və bildirilir ki, onun vaxtını Allahdan başqa heç kim bilmir. Sadəcə, sadaladığımız əlamətlər mövcuddur. Bu əlamətlərin böyük bir qismi kiçik əlamətlər hesab olunur, böyük əlamətlər isə hələ qarşıdadır. Lakin bir məqamı xüsusilə vurğulamaq istərdim. Bu gün dünyada mövcud olan bərabərsizlik, ədalətsizlik, əxlaqsızlıq, insan hüquqlarının pozulması və mənəvi dəyərlərin tapdalanması, əlbəttə ki, ciddi problemlərdir. İnsanlıq bu əməllərin nəticələri ilə üzləşir. Atom, neytron və hidrogen bombalarının sınaqları təbiətə ciddi ziyan vurur. Dənizlərdə və okeanlarda keçirilən nüvə silahı sınaqları, dünyada baş verən müharibələr və atılan raketlər ətraf mühitə, o cümlədən atmosferə zərər verir. Bunun ağır nəticələrini isə insanlar yaşayırlar”.

aga hacibeyli ilahiyyatci 2

Ağa Hacıbəyli

Ağa Hacıbəyli bildirib ki, təkəbbürlü və müstəbid ruhlu ölkələrin siyasətinin və müharibələrinin ağır nəticələrini günahsız xalqlar çəkirlər:

“Halbuki bu kainatın sahibi Allahdır. Dünya kainatın yalnız kiçik bir parçası, bir zərrəsidir. İnsanlıq ailəsi də bu zərrənin üzərində yaşayır. İman və mənəvi dəyərlər baxımından bir-birimizi daha yaxşı anlamağa çalışmalıyıq. Bu kiçik dünya evində Adəmin övladları bir-birini anlamalı, sevməli və bir-birinə yardım etməlidirlər.

“Tövbə” surəsinin 105-ci ayəsində buyurulur: “De: Əməl edin! Allah da, Onun Peyğəmbəri də, möminlər də sizin əməllərinizi görəcəklər”. Yəni insan yaxşı işlər görməli, Allahın, Onun Rəsulunun və möminlərin gördüyü xeyirxah əməllərə imza atmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: