Rusiyanın Çelyabinsk şəhərində “Artakovski” mütəşəkkil cinayətkar qruplaşmasının lideri Artak Varosyan və onun fəal üzvlərinə cinayətkar birlik yaratmaq ittihamı irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ura.ru məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, qruplaşma yüksək təşkilatlanma səviyyəsi, sərt intizam qaydaları və məxfi fəaliyyət sistemi ilə seçilib. Cinayət yolu ilə əldə olunan vəsait ümumi kassaya toplanıb. Həmin pullar qruplaşma üzvlərinin, eləcə də həbsdə cəza çəkən şəxslərin dəstəklənməsinə sərf olunub.

Volk əlavə edib ki, qruplaşma üzvləri Rusiyada ekstremist təşkilat kimi tanınan və fəaliyyəti qadağan edilmiş hərəkatın ideologiyasına sadiq olublar.

Məlumata görə, qruplaşmanın Çelyabinsk və Plast şəhərlərində fəaliyyət göstərən iki briqadası olub.

“Artakovski” qruplaşmasına qarşı əməliyyat tədbirlərinə 2025-ci ilin noyabrında başlanılıb. Həmin vaxt Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin əməkdaşları qruplaşmanın rəhbəri Artak Varosyanı saxlayıblar. Bundan sonra hüquq-mühafizə orqanları digər üzvlərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirləri davam etdiriblər.

Əməliyyatçılar onlarla şəxsi saxlayıblar. Onların qruplaşmadakı roluna uyğun olaraq Rusiya Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

Hazırda qruplaşmanın lideri və fəal üzvləri istintaq təcridxanasında saxlanılır. İş üzrə araşdırmalar davam edir.

Paylaş: