Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana səfər edib. Prezident İlham Əliyev Hun Maneti qarşılayıb və tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Kamboca Azərbaycan üçün coğrafi baxımdan uzaq ölkə olsa da, iki ölkə arasındakı münasibətlərin 30 ildən artıq tarixi var. Təsadüfi deyil ki, Baş nazir Kamboca Kralı Norodom Sihamoninin və Kambocanın sabiq Baş naziri Hun Senin salamlarını Prezidentə çatdırıb. Prezident İlham Əliyev isə öz növbəsində mətbuata bəyanatı zamanı “12 il bundan əvvəl atanız, keçmiş Baş nazir, hazırda isə Senatın sədri ilə burada, Azərbaycanda keçirdiyim görüşü xatırlayıram. Bu, siyasətimizin davamıdır. Biz yaxşı dost və tərəfdaşıq”, – deyə bildirib.
Qloballaşan dünyada Kamboca Bakı üçün yeni siyasi və iqtisadi əməkdaşlıq perspektivləri deməkdir. Hər şeydən əvvəl, iki ölkə BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində yaxşı siyasi əlaqələrə malikdir. Bununla yanaşı, ikitərəfli təmaslar da mövcuddur. İstisna deyil ki, yaxın gələcəkdə bu təmaslar daha da intensivləşəcək.
Diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin “Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik” sözləri, eləcə də Hun Manetin “Cənab Prezidentlə razıyam ki, ölkələrimiz arasında kommersiya və ticarət əlaqələri, həmçinin digər sahələrdə münasibətlər hələlik məhdud səviyyədədir” fikri oldu.
Əslində, bu, təəccüblü deyil. İki ölkə arasında coğrafi məsafə kifayət qədər böyükdür. Fərqli mədəniyyətlər də öz növbəsində iqtisadi münasibətlərə təsir göstərir. Lakin dəyişən şərtlər fonunda iki ölkənin qarşılıqlı iqtisadi əlaqələrin inkişafı barədə razılığa gəlməsi müsbət məqamdır.
Prezident İlham Əliyev qeyd edib ki, Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. Dövlət başçısı hesab edir ki, bu ənənə bərpa edilməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaradılmalıdır. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.
Azərbaycan son illərdə həm Afrika, həm də Cənub-Şərqi Asiya ölkələrindən olan gənclərin ölkəmizə gələrək burada təhsil almasında maraqlıdır. Necə ki, SSRİ dövründə bu istiqamətdə təcrübə mövcud idi, indi də həmin ənənənin bərpasında maraqlıyıq. Xüsusilə Qarabağ Universitetində xarici tələbələrin təhsil alması, onların Azərbaycan mədəniyyəti ilə tanış olması və gələcəkdə Kamboca ilə əlaqələrin qurulması uzunmüddətli perspektivdə müsbət nəticələr verə bilər.
Prezident İlham Əliyev, həmçinin Kambocaya səfərə dəvət edilib. İstisna deyil ki, yaxın müddətdə dövlət başçısının Kambocaya səfərinin də şahidi olaq.
Turan Rzayev
Globalinfo.az-ın siyasi yazarı