Bank manat 200 900x550 2

Azərbaycanda bankların kreditlərdən əldə etdiyi faiz gəlirləri 3 milyard manata yaxınlaşıb. Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında banklar kreditlər üzrə 2 milyard 982,6 milyon manat faiz gəliri əldə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artan bu göstərici kredit bazarında faiz yükünü və vətəndaşlarla sahibkarların borclanma xərclərini yenidən gündəmə gətirir.

Bankların kreditlərdən əldə etdiyi gəlirlər bu qədər artdığı halda, kredit faizlərinin aşağı düşməsi niyə özünü borcalanların ödədiyi məbləğdə tam göstərmir?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, faizlərin enməsi bir müddətdir müəyyən banklar tərəfindən həyata keçirilir:

“Statistikada isə biz bir ilin göstəricilərini nəzərə alırıq və ötən ilin eyni dövrü ilə müqayisə edirik. Yəni Mərkəzi Bankın uçot və faiz siyasəti ilə kredit faizləri tamamilə fərqlidir. Faizlərdən əldə edilən gəlirlərin artmasına və borclanmanın çox olmasına gəldikdə isə müxtəlif kreditlər üzrə onların geri qaytarılma şərtləri və xüsusilə risk səviyyəsi də müxtəlifdir. Bank kredit faizini müəyyənləşdirərkən vəsaitin cəlb edilməsi xərcini, kredit riskini, əməliyyat xərclərini, kapital və likvidlik tələblərini, həmçinin mənfəət marjasını nəzərə alır”.

G.Hüseynova bildirib ki, digər bir məsələ isə depozitlərlə əlaqədardır:

“Depozit faizləri də ümumi büdcədən xərcləndiyi üçün sadalananlar sırasında əmanət faizləri də var. Beynəlxalq Valyuta Fondunun proqnozunu da nəzərdən keçirsək, likvidlik əmsalı, ümumiyyətlə, likvidliyin qorunması, “Bazel III”ə əsasən bankların kapitala olan tələbləri, həmçinin bankların maliyyələşmə və kapital xərcləri yekunda bankların mənfəət marjasını qorumasına səbəb olur. 3 milyard manata yaxın faiz gəlirinin artmasının kredit bazarının gələcəyi baxımından vədlərinə gəldikdə isə faiz gəlirləri olduğu kimi, xərcləri də var. Yüksək faiz siyasətinin gələcək taleyinə gəldikdə isə bu, tələb və təklifə əsasən dəyişə bilər. İstehlak kreditləri digər kredit növləri arasında ən çox tələb olunandır”.

Məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirildi ki, bankların kreditlərdən əldə etdiyi faiz gəlirlərinin artımını birbaşa kredit faizlərinin yüksəlməsi kimi qiymətləndirmək düzgün olmazdı:

“Belə ki, faiz gəlirlərinin həcminə kredit portfelinin ümumi ölçüsü və strukturu, kreditlərin müddəti, yeni verilən kreditlərin həcmi və digər amillər təsir edir. Ümumilikdə, faiz gəlirlərinin artımı əsasən kredit portfelinin genişlənməsi fonunda baş verir. Yəni, bankların daha böyük həcmdə kredit verməsi faiz gəlirlərinin də nominal olaraq artmasına səbəb olur. Nümunə üçün qeyd edək ki, son 1 il ərzində kredit portfeli 14.4% artdığı halda, bankların kreditlər üzrə orta faiz dərəcələrində 13.99%-dən 14.13%-ə, yəni cəmi 0.14 f.b. artım müşahidə edilmişdir. Bu da faiz gəlirləri üzrə artımın əsas hissəsinin məhz kredit portfelindəki genişlənmə ilə izah olunduğunu göstərir, nəinki kredit faizlərindəki artımla. Bundan əlavə, borcalanın faktiki ödədiyi məbləğ yalnız kredit faizindən asılı deyil. Kreditin müddəti, məbləği, ödəniş qrafiki və digər kredit şərtləri də ümumi ödənişə təsir edir. Buna görə faiz dərəcəsindəki dəyişiklik borcalanın ödədiyi ümumi məbləğdə eyni ölçüdə əks olunmaya bilər. Əhalinin borc yükünə gəldikdə isə, BGN>45% statusunda olan istehlak kreditlərinin cəmi istehlak kreditlərində payı 2024-cü ilin sonu ilə müqayisədə 40%-dən 36%-ə enmişdir ki, bu da son dövrlərdə kredit portfelinin sağlam və məsuliyyətli kreditləşmə prinsipləri ilə böyüməsinin göstəricisidir”.

Mərkəzi Bank bankların yüksək faiz siyasətinin arxasında hansı amillər dayandığını da açıqlayıb:

“Qeyd edək ki, 2026-cı ilin 31 avqust tarixinə yerli valyuta ilə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 15.79%, depozitlər üzrə orta faiz dərəcəsi isə 9.16% olmuşdur. Qonşu və regional ölkələrdə verilmiş kreditlər üzrə orta kredit faizləri 12-20%, depozitlər üzrə orta faiz dərəcəsi isə 6-10% aralığında dəyişir. Göründüyü kimi ölkə ərazisində verilmiş kreditlər və depozitlər üzrə orta faiz dərəcələri qonşu və regional ölkələrdə verilmiş kreditlər və depozitlər üzrə orta faiz dərəcələri intervalındadır. Ümumilikdə isə, kredit faizlərini müəyyənləşdirən çoxsaylı amillər mövcuddur. Bu amillərə ilk növbədə bankların maliyyələşmə xərcləri daxildir. Banklar kreditləri əsasən əmanətlər və borc vəsaitləri hesabına verir. Son dövrlər banklarda daha dayanıqlı və sabit maliyyələşmə mənbəyi hesab olunan müddətli depozit bazasının genişlənməsi bankların maliyyələşmə xərclərinə təsirsiz ötüşməyib. Bununla yanaşı, borcalanların risk səviyyəsi, problemli kreditlər üzrə mümkün itkilər, prudensial tələblər, pul siyasəti, inflyasiya gözləntiləri və bazardakı rəqabət də kredit faizlərinin formalaşmasında mühüm rol oynayır”.

Qurumdan verilən məlumata görə, təhlillər göstərir ki, bankların kreditlər üzrə faiz gəlirlərinin artması əsasən kredit portfelinin artmasından irəli gəlir ki, bu da ilk növbədə iqtisadiyyatın kreditləşmə səviyyəsinin genişlənməsinin göstəricisidir:

“Bu baxımdan, faiz gəlirlərinin artımını iqtisadiyyatın kreditə tələbinin artmasının təbii nəticəsi kimi qiymətləndirmək olar. Gələcək baxımından əsas məsələ kreditləşmənin həcmi ilə yanaşı, onun keyfiyyətinin və dayanıqlılığının qorunmasıdır. Bu baxımdan kredit portfelinin strukturunun şaxələndirilməsi, problemli kreditlərin səviyyəsinin nəzarətdə saxlanılması və borcalanların ödəmə qabiliyyətinin qorunması mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, kredit portfelinin sağlam şəkildə genişlənməsi iqtisadiyyatda maliyyə vasitəçiliyinin dərinləşməsi baxımından müsbət tendensiyadır. Kredit bazarının gələcək inkişafında isə əsas istiqamət yalnız portfel həcminin artması deyil, eyni zamanda daha keyfiyyətli və dayanıqlı kreditləşmənin təmin edilməsidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: