Ucal Bayramov seki yaylasi

Oğlum Ucal Bayramov bu il 8 sentyabrda “Şəki yaylası” adlı “ölüm vadisi”ndə ziplayn qurğusunun kanatının qırılması nəticəsində həyatını itirdi – dostu Coşqun Məmmədovla birgə. Dərdimin yedəyində vurnuxduğum bu ağır anlarımda Haqqın yanında dayanan media qurumları gördüm; bu mediaların arxasında xalqımın haqq hayqıran sədalarını eşitdim. Söykənəcək axtaran çiliklənmiş ürəyimə bu haqq harayları da dayaq oldu. Dönüb rəsmi dövlət qurumlarının mövqeyinə boylandım və söykənmək üçün orada da dayaq aradım. Tapdığım da oldu – Azərbaycan Baş Prokurorluğunun timsalında. Ancaq nə yazıqlar ki, Fövqəladə Hallar Nazirliyinin bəyanatı çiliklənmiş ürəyimin yaralarına məlhəm qoya bilmədi, əksinə…

Hələ ki, bəyanatın leytmotovini özündə daşıyan bir icmal çıxarışla yetinirəm: “Bu tipli kütləvi əyləncə və attraksion obyektlərinə, eləcə də “zipline” kimi qurğulara texniki təhlükəsizlik baxımından nəzarətin həyata keçirilməsi qanunvericiliyə əsasən Fövqəladə Hallar Nazirliyinin səlahiyyət dairəsində deyil”.

Bəs bu cür qurğulara, burada konkret olaraq ziplayn qurğusuna texniki təhlükəsizlik baxımından nəzarət qanunvericiliyə əsasən kim, yaxud hansı qurum tərəfindən həyata keçirilir? Belə çıxır ki, insan həyatı üçün özündə bu qədər böyük ölüm riski daşıyan, baş vermiş faciə kontekstində desək, ölüm saçan qurğularda tam özbaşınalıq hökm sürür? Əcəba, bəs bizim həyatımızı, təhlükəsizliyimizi təmin etməli olan qanunlarımız və müvafiq dövlət institutlarımız haradadır? Əgər qanunlarımızda bu qədər böyük boşluq varsa, bəs Milli Məclis, digər qanunvericicilik təşəbbüsü olan dövlət qurumlarımız və qulluqçularımız nə ilə məşğuldur?

Fövqəladə Hallar Nazirliyinin bəyanatı bütöv halda şablon tonu ilə vahimə qoxusu saçır. Çünki bu cür bəyanatlar qanunçuluğun soyuq məntiqindən doğulur, insan faciəsinin, insan əzabının, insan fəryadının ruhundan deyil; faktın üzərindən bəyanat verilir, insan əzabının içindən deyil; məsuliyyətdən qaçıb qurtarmaq xofunun ifadəsidir bu bəyanat, insan əzabına şərik olma aktı deyil; statistika var bəyanatda, can yanğısı yoxdu; insan ağrısını üşüdən standart ibarəbazlıq var, yaralara məlhəm səpən munislik yoxdur. Haradan da olsun bu can yanğısı, bu munislik, əgər arzuları yarımçıq qalmış, qanına bələnmiş bir gənc qanunvericiliyə məsul olanların öz  doğmaları deyilsə. Doğurdanmı bu kimi bəsit bəyanatın hüquqi bazasına məsul olanlar da bənzər faciələr yaşamalıdırlar ki, dərdli ürəkləri görə bilmək üçün bəsirətləri açılsın?

Əgər insan təhlükəsizliyi konsepsiyasımız mükəmməl deyilsə, deməli, dövlətçiliyimizin təhlükəsizlik sütunlarının özü də risk altındadır. Axı dövlət mücərrəd məfhum deyil, o, sükanı arxasında biz insanların dayandığı sosial-siyasi maşındı. Onun təhlükəsizlik konsepsiyasına “dövlət qulluqçuları” adlanan işçilər kateqoriyası kollektiv şəkildə məsuldur. Məsələni bu kontekstdə aydınlaşdırmağa çalışsaq, sual yaranır ki, bu qurumda büdcəyə “daraşan” “təhlükəsizlik mütəxəssisləri” nə işlə məşğuldur? Barı bu “mütəxəssislər” özündə bu qədər amansız ölüm riski daşıyan qurğuların təhlükəsizliyinin qanun səviyyəsində nəzarətə götürülməsi ilə bağlı haçansa, bircə dəfə də olsun qanunvericilik təşəbbüsü ilə çıxış etdilərmi?

Ancaq vay onda ki, biri öz həyətində bir toyuq hini tikmək istəsin, qırğı kimi bir göz qırpımında alırlar zavallının başının üstünü və başlayırlar “təhlükəsizlik standartlarını” sırımağa.  Zavallıları güdənlər “iş adamı”, “sahibkar” və s. bu kimi adların kölgəsində gizlənən harınlara çatanda gözlərimi qapanır, yoxsa həmin təhlükəsizlik standartlarının sərhədimi bitir orada? Bəlkə faciənin baş verdiyi “Şəki yaylası” adlı bu “ölüm vadisi” gerçəkdən suveren bir ərazidi və bizim dövlətimizin yurisdiksiyasından kənardadır? Bəlkə bəyanatın motivi elə buradan qaynaqlanır?

Bir neçə il öncə bir tanışım öz şəxsi torpağında bir mərtəbəli ev tikirdi. Evin təməli tökülüb, divarlar da bir metrədək qaldırılmışdı. Anında Fövqəladə Hallar Nazirliyinin “mütəxəssisləri” qaranəfəs özlərini çatdırıb, işi dayandırdılar ki, tikintidə təhlükəsizlik standartları pozulub. Evin divarı ilə hasar arasında fövqəladə vəziyyətlərdə sərbəst hərəkət üçün iki metrədək zolaq saxlanılmalıdır (mən bu normativi dəqiq bilmirəm, ancaq tanışımın dediklərini şərh edirəm). Tikinti dayandırıldı və söküldü. Qanunvericilikdə bu tələblərin olduğundan qismən xəbərdaram və mən bu qadağanın səmimi olaraq doğrudan da insan təhlükəsizliyinə qayğıdan irəli gəldiyinə inanmaq istərdim, hərçənd…

Məsələnin təhlükəsizlik haqqında mülahizələrinə gəlincə… Bilavasitə torpaqda tikilmiş birmərtəbəli həyət evlərində hansısa fövqəladə vəziyyət yaranarsa, məsələn, yanğın baş verərsə, azından insanın qapını açıb çölə atılmaq şansı var. Bəs 40 metr yüksəklikdə kanatdan asılmış insan fövqəladə vəziyyətdə hara atılmalıdır? Məgər məhz sözügedən bəyanat kontekstində yanaşdıqda, qanundakı boşluq bu halda insanı yalnız ölümün qucağına atılmaq faciəsi ilə üz-üzə qoymurmu? Bu fakt baş verən faciədə müvafiq qurumların da üzərinə məsuliyyət payı qoymurmu? Əcəba, öz torpaq sahəsində bir mərtəbəli ev tikən insanın təhlükəsizliyinə bu qədər “həssas olan” bir qurum, doğrudanmı 40 metr yüksəklikdə gedən insanın təhlükəsizliyini görə bilmiyəcək qədər daltonikdir, qaroydur? Bəs qanunvericilikdə bu qədər böyük boşluğun olması hansı qurumun məsuliyyət payıdır, görəsən?

Bu qədər bəsit bir məsələni, ehtimal ki, yenə hansısa quru normativ sənədləri eşələyib, onun standart ağzı ilə cavablandırmağa çalışacaqlar. Mən isə Azərbaycan toplumunun ən sadə, hətta məişət səviyyəsində düşünə bilən insanının belə asanlıqla anladığı bir dildə danışıram və sual qoyuram: Doğrudanmı fövqəladə hallara məsul olan “mütəxəssislər” şəxsi həyət  evləri ilə, 30-40 metr yüksəklikdə hərəkət edən qurğular arasındakı ölüm riskinin əmsalını ayırd edə bilməyəcək qədər məhdud düşüncəlidirlər, yoxsa bu bəyanat şüurlu olaraq məsuliyyətdən can qurtarmaq, tələm-tələsik özünü sığortalamaq cəhdidir?

Azərbaycan toplumunun ictimai şüurundan doğan bu düstur mənim də həqiqət bayrağımdır: “Bütün kadrlar öz vəzifə kreslosuna adekvat olsaydı, gerçəkdən, Azərbaycanımız cənnətə çevirilərdi”. Mən ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarına kölgə sala biləcək neqativlərlə mübarizədə cəmiyyətimizin vəhdətdə olmasını, bir cəbhədə dayanmasını istərdim. İstərdim ki, dövlət və cəmiyyət vəhdəti üzərində Qarabağda qazandığımız zəfəri, sosial həyatımızda da birlikdə təkrarlayaq.

WhatsApp Image 2026 10 05 at 10.09.53

Asif Bayramov
Azərbaycan Universitetinin müəllimi
9 oktyabr 2026

Paylaş: