Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının gənclər təşkilatının rəhbərliyində təmsil olunan Luca Maurice Ştraufun paylaşdığı xəritə Avropada mübahisələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, siyasətçi Almaniyanın bir sıra qonşu ölkələrin ərazilərini də əhatə etdiyi xəritəni “X” sosial şəbəkəsində paylaşıb.
Xəritədə Fransanın Elzas və Mozel bölgələri ilə yanaşı, Avstriya, İsveçrə, İtaliya, Lüksemburq və digər Avropa ölkələrinin bəzi əraziləri də Almaniyanın tərkibində göstərilib.
Ştrauf paylaşımında Almaniyanın birləşməsinin bütün alman xalqının vahid dövlət daxilində bir araya gəlməsi demək olduğunu bildirib.
O, bu fikirləri oktyabrın 3-də – Almaniyanın Birləşmə Günü münasibətilə yayıb. Sonradan paylaşım silinib.
Xəritə Fransada siyasi dairələrin sərt reaksiyasına səbəb olub. Fransa siyasətçiləri Elzas və Mozelin Almaniyanın tərkibində göstərilməsini qəbuledilməz hesab ediblər. Fransanın Grand Est regionunun rəhbəri Frank Leroy da paylaşımı “narahatedici” adlandırıb.
Almaniyanın AfD gənclər təşkilatı da bu paylaşımından uzaq mövqe sərgiləyib. Təşkilatın sözçüsü bildirib ki, xəritə onların tarixə münasibətinə və real siyasət anlayışına uyğun gəlmir.
Qeyd edək ki, Elzas və Mozel bölgələri tarixən Fransa ilə Almaniya arasında bir neçə dəfə dövlət mənsubiyyətini dəyişib. Hər iki ərazi İkinci Dünya müharibəsindən sonra Fransanın tərkibində qalıb.
Son hadisə Avropada tarixi sərhədlər və millətçiliklə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Almaniya mediasının oktyabrın 11-də yaydığı məlumata görə, Ştrauf AfD-nin gənclər təşkilatının federal rəhbərliyindəki vəzifəsindən istefa verib.
Təşkilat onun istefasını şəxsi səbəblərlə əlaqələndirib.