Honkonqda avqust ayından bəri meymunçiçəyinə 21 yoluxma aşkarlanıb. Bu, 2026-cı ilin əvvəlindən indiyədək şəhərdə qeydə alınan bütün yoluxmaların 70 faizini təşkil edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Honkonqun Sağlamlığın Mühafizəsi Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ilin əvvəlindən şəhərdə ümumilikdə 30 yoluxma qeydə alınıb. Onlardan 23-ü yerli yoluxma, 7-si isə xaricdən gələn şəxslərlə əlaqəli hallar olub. 2022-ci ildən bəri Honkonqda meymunçiçəyinə yoluxanların ümumi sayı 114-ə çatıb.
Mərkəz son aylarda yoluxmaların artmasını yüksək riskli cinsi əlaqələrlə əlaqələndirir. Məlumata əsasən, indiyədək qeydə alınan bütün yoluxmalar kişilər arasında aşkarlanıb və onların əksəriyyəti peyvənd olunmayıb.
Yoluxmaların artması fonunda hakimiyyət orqanları epidemioloji nəzarəti gücləndirib və peyvənd proqramını genişləndirib. Son iki həftə ərzində yüksək risk qrupuna daxil olan təxminən 360 nəfər peyvənd olunub.
Son yoluxma halı isə dəri səpgisi, qızdırma və limfa düyünlərinin şişməsi şikayətləri ilə tibbi yardıma müraciət edən 29 yaşlı kişidə aşkarlanıb. Laboratoriya müayinələri onun virusa yoluxduğunu təsdiqləyib. Hazırda xəstənin vəziyyəti sabitdir.
Honkonq hakimiyyəti epidemioloji araşdırmaları davam etdirir və qeydə alınan yoluxma barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verməyi planlaşdırır.
Safura Bənnayeva
Globalinfo.az