mus

ABŞ Maliyyə Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsini (BCM) sanksiya siyahısına daxil edib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında yayımlanan məlumatda bildirilib.

Qərar ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin fevralında imzaladığı sərəncama əsaslanır. Həmin vaxt Vaşinqton administrasiyası BCM-i ABŞ-a və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı qanunsuz addımlar atmaqda ittiham etmişdi.

Sərəncama əsasən, ABŞ vətəndaşlarına və ya müttəfiqlərinə qarşı araşdırmalarda iştirak edən BCM əməkdaşlarına, eləcə də onların ailə üzvlərinə maliyyə və viza məhdudiyyətləri tətbiq oluna bilər.

Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi məhkəmə ilə bağlı bəzi əməliyyatları sanksiyalardan müvəqqəti azad edən bir neçə lisenziya verib.

“Reuters” agentliyinin məlumatına görə, Donald Tramp administrasiyası Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları genişləndirərək məhdudiyyətləri bütövlükdə quruma şamil edib. Əvvəlki tədbirlər əsasən ayrı-ayrı hakim və prokurorlara yönəlmişdi. Yeni məhdudiyyətlər məhkəməyə maliyyə, texnoloji və digər xidmətlər göstərən şirkətlərə də təsir edə bilər.

Sanksiyalar məhkəmənin fəaliyyətini çətinləşdirəcək, xüsusilə bank əməliyyatlarına, beynəlxalq ödənişlərə, sığorta xidmətlərinə, proqram təminatından istifadəyə, məlumatların saxlanmasına və podratçılara ödənişlərə maneələr yaradacaq.

“Reuters”in yazdığına görə, Vaşinqton bu addımlarla məhkəmənin siyasətini dəyişməyə nail olmağa çalışır. Bununla belə, sanksiyaların BCM-in fəaliyyətini dəstəkləyən Avropa müttəfiqləri ilə ABŞ arasında münasibətləri daha da gərginləşdirəcəyi vurğulanır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: