9 oktyabr Hadrutun işğaldan azad edildiyi gündür. 44 günlük Vətən müharibəsində Hadrutun azad edilməsi Azərbaycanın hərbi üstünlüyünü nümayiş etdirən mühüm hadisələrdən biri oldu.
Bəs Hadrut əməliyyatı müharibənin gedişinə necə təsir göstərdi və Şuşanın azad edilməsində hansı rolu oynadı?
Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, ilk növbədə Hadrutun ermənilər üçün hansı əhəmiyyət daşıdığını qeyd etmək lazımdır:
“Azərbaycanlılar üçün Şuşanın mənəvi dəyəri nə idisə, Hadrut da ermənilər üçün həmin əhəmiyyətə malik idi. Diqqət etsəniz, ermənilər burada ciddi tikinti və quruculuq işləri aparmışdılar. Müharibə başlayandan sonra Cəbrayılın işğaldan azad edilməsi ilə ordumuz Arazboyu istiqamətdə irəlilədi. Eyni zamanda, bir neçə istiqamətdən Hadrut ətrafında hücum əməliyyatlarına başlanıldı. Ermənistan ordusu bu hücumu əvvəlcədən proqnozlaşdıra bilməmişdi. Hadrutda insanların yeməklərini masanın üzərində qoyub getdiklərinin şahidi olduq. Onlar ordumuzun bu qədər sürətlə hücum edəcəyini və uğur qazanacağımızı gözləmirdilər.

Səxavət Məmməd
Azərbaycan Ordusunun əsas üstünlüklərindən biri məhz bu sürət idi. Müharibə zamanı həmin ərazilərdə idim və torpaqlarımızın işğaldan azad edilməsinə sevinirdim. Ancaq Hadrutun azad olunmasına xüsusi sevindim. Çünki bu, Ermənistanın yaratdığı status-kvonun pozulması demək idi. Hadruta qədər döyüşlər Dağlıq Qarabağın ətrafındakı rayonlarda, o cümlədən Füzuli və Cəbrayıl istiqamətlərində gedirdi. Hadrutun azad edilməsi ilə vəziyyət dəyişdi və Azərbaycan Ordusu Qarabağın daxilində irəliləmək imkanı qazandı.
Hadrutun azad edilməsi ermənilərə həm mənəvi, həm də hərbi baxımdan ciddi zərbə oldu. Çünki burada böyük hərbi qüvvələr yerləşirdi və qəsəbənin itirilməsi həmin qüvvələrin mövqelərinə təsir göstərdi. Hadrut əməliyyatından sonra Şuşa istiqamətində əməliyyatın həyata keçirilməsi üçün də imkanlar genişləndi. Ordumuz Hadrutun arxasında sürətlə hazırlıq işləri apararaq Şuşa istiqamətinə yönəldi”.
Turan Rzayev
Globalinfo.az