Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Laçın şəhərinin Birliyin mədəniyyət paytaxtı elan edilməsini dəstəkləyən dövlət başçılarına təşəkkür edib.
Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər şəhərin qədim tarixi ilə yanaşı, bölgədə aparılan bərpa işlərinin miqyasını və sürətli dirçəlişi də nümayiş etdirib.
Globalinfo.az-a danışan Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədovun sözlərinə görə, 2026-cı il MDB-yə üzv ölkələrin yalnız bu təşkilat daxilində deyil, digər beynəlxalq platformalarda da fəal olduğunu göstərir:
“Hazırda iqtisadi əməkdaşlıq, tarixi əlaqələr və dövlətlərin suverenliyinin möhkəmləndirilməsi baxımından milli maraqları ifadə edən təşkilatlara diqqət artır. Bu kontekstdə Rusiya başda olmaqla, ayrı-ayrı dövlətlərin digər ölkələrə ünvanladığı suallar və gözləntilər də mövcuddur.
Azərbaycan üçün isə Türkmənbaşı sammiti MDB çərçivəsində növbəti görüşdür. Rusiya və Belarusla təmaslar baxımından bu toplantının müəyyən əhəmiyyəti olsa da, Bakı digər ölkələrlə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində onsuz da görüşür. Prezident İlham Əliyev 2026-cı ilin əvvəlindən bir sıra türk dövlətlərinin liderləri ilə də təmaslar qurub. Buna görə də əsas məsələ hansı təşkilatın toplantısında iştirak etmək deyil, Avrasiyanın orta xəttində baş verən dəyişikliklər fonunda dövlətlərin maraqlarının necə uzlaşmasıdır.

Zaur Məmmədov
Azərbaycan həm Rusiya və Belarus, həm də Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə öz təkliflərini ortaya qoyur. Bu təkliflərin mühüm istiqamətlərindən biri kommunikasiyaların inkişafıdır. Nəqliyyat əlaqələrinin genişləndirilməsi və yeni bağlantı imkanlarının yaradılması region ölkələrinin ortaq maraqlarına uyğundur. Avrasiyada nəqliyyat marşrutlarının əhəmiyyətinin artdığı bir vaxtda Azərbaycan bu istiqamətdə öz mövqeyini və təkliflərini irəli sürür.
Türkmənbaşı sammitinin diqqət çəkən məqamlarından biri də Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın eyni toplantıda iştirak etməsidir. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi davam etdiyi bir vaxtda liderlərin belə platformalarda bir araya gəlməsi əlavə təmas imkanları yaradır. Bu baxımdan, sammitin əhəmiyyəti təkcə MDB daxilindəki müzakirələrlə məhdudlaşmır”.
Turan Rzayev
Globalinfo.az