isss

Mədəniyyət evlərində iş rejiminin 5 gündən 6 günə dəyişdirilməsi əməkdaşların etirazına səbəb olub. Globalinfo.az-a müraciət edən işçilər bildiriblər ki, iş günlərinin sayı artırılsa da, maaşlarında heç bir dəyişiklik edilməyib.

Sitat: “Əvvəl 5 günlük iş rejimində gündə 8 saat çalışırdıq. İndi isə həftənin 5 günü saat 09:00-dan 17:00-dək, şənbə günü isə 09:00-dan 15:00-dək işləməyimizi tələb edirlər. Bunun qarşılığında əməkhaqqımıza heç bir artım edilməyib. Axı həkimə getmək, xeyir-şər məclislərində iştirak etmək lazım olur. İndi əksəriyyət bu cür mərasimləri şənbə gününə qalır. Bazar günü isə həkim tapmaq olmur. Heç olmasa, əlavə iş vaxtının qarşılığında ödəniş də etmirlər”.

Qanunvericilikdə bu kimi hallar necə tənzimlənir? 6 günlük iş rejiminə keçid etdikdə, işçinin əməkhaqqına əlavə ödəniş edilməlidirmi?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, əmək qanunvericiliyinə əsasən, bu zaman əməkhaqqının avtomatik artırılması nəzərdə tutulmur:

“Lakin bu məsələnin hüquqi qiymətləndirilməsi zamanı yalnız iş günlərinin sayının dəyişməsi deyil, iş vaxtının ümumi müddəti, əmək müqaviləsinin şərtləri, faktiki işlənmiş saatlar və istirahət hüququ da nəzərə alınmalıdır. Əmək Məcəlləsinin 89-cu maddəsinə görə, gündəlik normal iş vaxtı 8 saatdan, həftəlik normal iş vaxtı isə 40 saatdan artıq müəyyən edilə bilməz. Məcəllənin 90-cı maddəsi 5 günlük və 6 günlük iş həftələrinin tətbiqini, müvafiq iş vaxtı müddətlərini tənzimləyir. Bu normaların mahiyyəti ondan ibarətdir ki, iş həftəsində iş günlərinin sayının artırılması həftəlik iş vaxtı normasının avtomatik artırılması demək deyil. Belə ki, 5 günlük iş həftəsində gündə 8 saat işləyən və həftəlik 40 saatlıq iş vaxtı normasını yerinə yetirən işçi 6 günlük iş həftəsinə keçirildikdə də, bir qayda olaraq, həftəlik 40 saatlıq norma daxilində işləməlidir. Bu halda iş vaxtı həftənin günləri üzrə yenidən bölüşdürülür”.

ellada

Ellada Bayramova

Hüquqşünas bildirib  ki, məsələnin digər mühüm tərəfi iş vaxtından artıq işlə bağlıdır:

“Əmək Məcəlləsinin 99-101-ci maddələri iş vaxtından artıq işin anlayışını, ona cəlbetmənin əsaslarını və müvafiq məhdudiyyətləri müəyyən edir. Əgər işəgötürən 6 günlük iş həftəsinə keçid adı altında işçini qanunla müəyyən edilmiş iş vaxtı normasından artıq işlədərsə, həmin işin hüquqi rejimi ayrıca qiymətləndirilməli və qanunvericiliyə uyğun ödəniş məsələsi həll edilməlidir. Eyni zamanda, həftənin altıncı günü işləmək bütün hallarda istirahət günündə işləmək hesab edilmir. Bunun üçün həmin günün işçinin təsdiq edilmiş iş qrafikində hansı statusa malik olduğu müəyyən edilməlidir. Əgər işçi müəyyən edilmiş istirahət günündə işə cəlb olunursa, Əmək Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulan ödəniş qaydaları tətbiq edilməlidir. Beləliklə, iş günlərinin sayının artırılması işçinin həftəlik istirahət hüququnu aradan qaldırmır.

İş rejiminin dəyişdirilməsi proseduru da xüsusi əhəmiyyət daşıyır. Əmək Məcəlləsinin 56-cı maddəsi əmək şəraitinin şərtlərinin dəyişdirilməsini, 95-ci maddəsi isə iş vaxtı rejiminin müəyyən edilməsini tənzimləyir. İşəgötürən iş rejimini dəyişdirərkən əmək qanunvericiliyinin tələblərinə, əmək müqaviləsinin şərtlərinə və müvafiq rəsmiləşdirmə qaydalarına riayət etməlidir. Əmək şəraitinin dəyişdirilməsi tələb olunan hallarda işçinin əvvəlcədən yazılı xəbərdar edilməsi ilə bağlı qanunvericiliyin tələbləri də nəzərə alınmalıdır”.

E.Bayramova qeyd edib ki, maaşa əlavə ödəniş məsələsi həll edilərkən işçinin əmək müqaviləsi, əməkhaqqı sistemi, təsdiq olunmuş iş qrafiki və faktiki iş vaxtının uçotu məlumatları birlikdə nəzərdən keçirilməlidir:

“Əgər yeni iş rejimi işçinin faktiki iş saatlarının artmasına, istirahət günündə işləməsinə və ya qanunla xüsusi ödəniş nəzərdə tutulan halların yaranmasına səbəb olursa, müvafiq ödəniş öhdəliyi meydana çıxa bilər. Buna görə də hər bir konkret halda iş rejiminin dəyişdirilməsi və əməkhaqqına əlavə ödəniş məsələsi əmək qanunvericiliyinin müvafiq normaları, işçinin əmək münasibətlərini tənzimləyən sənədlər əsasında kompleks şəkildə qiymətləndirilməlidir”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlansaq da, yazı yayımlananadək cavablandırılmayıb.

Ləman İmran
Globalinfo.az

Paylaş: