Maduro

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin vəkilləri səhhətindəki problemlərə görə onun ev dustaqlığına keçirilməsini tələb ediblər.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Associated Press məlumat yayıb.

Vəkillərin sözlərinə görə, 69 yaşlı Floresin səhhətində yaranan problemlərin həbsxana şəraitində effektiv müalicəsi mümkün deyil. Müdafiə tərəfi onun Nyu-Yorkdakı iqamətgahında 24 saat mühafizə altında yaşamasına icazə verilməsini istəyib.

Vəkillər bildiriblər ki, Flores həbsdə olduğu müddətdə 11 kiloqram arıqlayıb və onun ürəyindən əməliyyat olunmasına ehtiyac yarana bilər. Müdafiənin məlumatına görə, o, uzunmüddətli başgicəllənmə və nəfəs darlığından əziyyət çəkir, həmçinin iyul ayında mikroinfarkt keçirmiş ola bilər.

Vkillərin iddiasına görə, ilin əvvəlində ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat zamanı Floresin divara və ya komoda çırpılması nəticəsində bədənində qalıcı izlər qalıb.

Prokurorluq Maduronun həyat yoldaşının girov müqabilində azadlığa buraxılmasına qarşı çıxır. Prokurorluğun açıqlamasında Floresin azad ediləcəyi təqdirdə cəmiyyət üçün son dərəcə təhlükəli olacağı bildirilib. Qurumun məlumatına görə, Floresin tibbi yardıma ehtiyacı yarandıqda o, yerli xəstəxanaya aparılıb.

Siliya Flores və Nikolas Maduro 2027-ci ilin iyununda məhkəmə qarşısına çıxacaqlar. Prosesin məhz həmin tarixdə başlamasını həm prokurorluq, həm də hazırda həbsdə olan ər-arvadın vəkilləri dəstəkləyib.

Onlar narkoterrorizm və ABŞ-a qarşı digər cinayətlərdə ittiham olunurlar. Təqsirləri sübuta yetirilərsə, ər-arvad ömürlük həbs cəzası ilə üzləşə bilər.

Maduro və Flores isə ittihamları qəbul etmir və diplomatik toxunulmazlığa malik olduqlarını bildirirlər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: