Ötən həftə Hörmüz boğazından keçən tankerlərə qarşı qeydə alınan hücumların sayı İranla müharibənin başlanmasından bu yana ən yüksək göstəriciyə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik bunu regiondakı insidentləri izləyən dəniz təhlükəsizliyi mənbələrinin məlumatlarına əsasən bildirib.
Məlumata görə, sentyabrın 28-dən oktyabrın 5-dək Hörmüz boğazında neft, mayeləşdirilmiş təbii qaz və neft məhsulları daşıyan tankerlərə azı 12 hücum həyata keçirilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Birləşmiş Dəniz İnformasiya Mərkəzi bazar günü açıqlayıb ki, boğazda İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirilən fəaliyyətlər davam edir. Bunlara PUA uçuşları, gəmilərin izlənməsi, radio vasitəsilə çağırışlar, hücum və hücum cəhdləri, eləcə də gəmilərin təqib edilməsi daxildir.
Mərkəzin hesabatında qeyd olunub ki, bu fəaliyyətlər İranın əsas tranzit marşrutlarında mövcudluğunu nümayiş etdirmək və həmin istiqamətdə hərəkət edən gəmilərə təzyiq göstərmək niyyətinin davam etdiyini göstərir.
Nəşr yazır ki, insidentlərin artması Fars körfəzi ölkələrindəki istehsalçıların ixrac fəaliyyətini artırdığı bir vaxta təsadüf edir.