Son zamanlar xəstəliklərin daha erkən yaşlarda ortaya çıxması və insanların əvvəlki nəsillərlə müqayisədə daha az yaşaması ilə bağlı fikirlər səslənir. Bəzi insanlar bunu həyat tərzi və ətraf mühitlə yanaşı, insanların günahlarının artması ilə də əlaqələndirirlər. Hətta zinanın və bu kimi hadisələrin çoxalmasının dünyanın sonunun yaxınlaşmasına işarə olduğu, bunun Quranda yazıldığı iddia olunur.
Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev bildirib ki, həyatımızda baş verən bir çox hadisə ya öz əməllərimizdən, ya da Rəbbimizin bizi imtahan etməsindən qaynaqlanır:
“Qurani-Kərimdə Uca Rəbbimiz belə buyurur: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız əməllər üzündəndir. Allah isə onların çoxunu bağışlayır.”— Şura, 42:30
Ayədən də göründüyü kimi, insanın qarşılaşdığı bəzi bəla və müsibətlərin meydana gəlməsində onun öz əməllərinin və seçimlərinin rolu var. Lakin hər bir müsibəti yalnız insanın əməllərinin nəticəsi kimi qiymətləndirmək də doğru olmaz”.
İlahiyyatçı bildirib ki, bəla və çətinliklər bəzən Uca Allahın insanı sınaması, onun səbrini, imanını və təvəkkülünü imtahan etməsi üçün də baş verə bilər:
“Digər bir ayədə Uca Rəbbimiz belə buyurur: “And olsun ki, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, can və məhsul itkisi ilə imtahan edəcəyik. Səbir edənləri müjdələ! O kəslər ki, onlara bir müsibət üz verdikdə: ‘Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!’ – deyirlər. Onlara öz Rəbbi tərəfindən bağışlanma və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” — Bəqərə, 2:155–157”
R.Qarayev əlavə edib ki, bu ayələrdən yola çıxaraq deyə bilərik ki, qarşılaşdığımız çətinlik və müsibətlərin bir qismi insanın öz əməllərinin və yanlış seçimlərinin nəticəsi, digər bir qismi isə Rəbbimizin imtahanı ola bilər:
“Hansı hadisənin hansı səbəbdən baş verdiyini isə hər zaman qəti şəkildə müəyyən etmək insan üçün mümkün deyil. Təbii ki, qloballaşan dünyada insanların fəaliyyəti, müharibələr, ətraf mühitin çirkləndirilməsi, təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması bəşəriyyət üçün böyük fəsadlara yol açır. Digər tərəfdən, sürətlə elektronlaşan və texnologiyadan asılı hala gələn müasir həyat tərzi də insanın fiziki və mənəvi həyatına görünən və görünməyən müxtəlif təsirlər göstərir”.
Rüfət Qarayev deyib ki, belə bir zamanda Allah Rəsulundan (s) nəql edilən bu hədisini xatırlamaq yerinə düşər:
“Qiyamətin əlamətlərindən biri də qəfil ölümün yayılmasıdır”. Bu hədis insanı ölümün hər an gələ biləcəyini düşünməyə, həyatını daha məsuliyyətli yaşamağa, tövbə və yaxşı əməlləri təxirə salmamağa sövq edir. Lakin konkret bir xəstəliyi, qəfil ölümü və ya müəyyən bir hadisəni qəti şəkildə Qiyamət əlaməti kimi təqdim etməkdə ehtiyatlı olmaq lazımdır. Əsas olan, bütün bunlardan ibrət götürmək və insan həyatının faniliyini unutmamaqdır. Hər halda, bəlanın böyüklüyündən və xəstəliyin ağırlığından asılı olmayaraq, möminə yaraşan səbirli olmaq, Allaha təvəkkül etmək və ümidini Onun mərhəmətindən üzməməkdir. Çünki müsibətlər qarşısında göstərilən səbir insan üçün həm bu dünyada mənəvi güc və arxayınlıq, həm də axirətdə böyük mükafat vəsiləsidir”.
Zaira Akifqızı
Globalinfo.az