krista 1

ABŞ-ın Tennessi ştatında ölüm hökmü icra edilən 50 yaşlı Krista Payk gözlənilməz şəkildə həyatda qalıb. Ölümcül iynə vurulduqdan sonra həyat əlamətləri müşahidə olunan qadın xəstəxanaya çatdırılıb və təxminən bir həftə reanimasiya şöbəsində müalicə olunub. Bildirilir ki, Payk daha sonra özünə gəlib və danışmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Paykın müdafiəçiləri hadisəni tibbi baxımdan son dərəcə qeyri-adi hal kimi qiymətləndiriblər. Hadisədən sonra Tennessi qubernatoru Bill Li ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulan digər edamların dayandırılması barədə qərar verib.

Məlumata görə, edam proseduru zamanı Payka yüksək dozada pentobarbital yeridilib. Lakin gözlənilən nəticə baş verməyib və qadında həyat əlamətləri qeydə alınıb. Bundan sonra o, xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib. Tibbi heyət dərmanın orqanizmdən xaric olunması istiqamətində müalicə aparıb.

İlk günlərdə pentobarbitalın Paykın zehni funksiyalarına uzunmüddətli təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. Vəkilləri isə onun qarşısında hələ uzun və çətin bərpa mərhələsinin olduğunu bildiriblər. Müalicə müddətində qadın qandallı vəziyyətdə saxlanılıb.

Krista Payk 1995-ci ildə Kollin Slemmerin qətlində təqsirli bilinib. Bir il sonra onun barəsində ölüm hökmü çıxarılıb. Paykın müdafiə tərəfi məhkəmədə uşaqlıq illərində zorakılıq və cinsi istismara məruz qalmasını, həmçinin lazımi hüquqi yardım göstərilmədiyini əsas gətirib.

Hüquqi proseslər nəticəsində edam qərarı bir neçə dəfə təxirə salınıb. Buna baxmayaraq, Tennessi Baş Prokurorluğunun ABŞ Ali Məhkəməsinə müraciətindən sonra ölüm hökmünün icrasına başlanılıb.

Payk son iki əsrdən artıq müddətdə Tennessi ştatında edam edilən ilk qadın kimi tarixə düşüb. Lakin prosedurdan sağ çıxması hadisəni daha da qeyri-adi edib. Hadisənin ardından ştatın həbsxana direktoru da vəzifəsindən istefa verib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: