Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, işə Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə baxılıb.
Məhkəmənin qərarı ilə ittiham edilən Zülfüqar Mansurov 2 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib və 9 min manat məbləğində cərimə cəzası alıb.
Onun həbsdə saxlanıldığı müddət nəzərə alınaraq tətbiq edilən cərimənin yekun məbləği 6 min manat müəyyənləşdirilib.
Xatırladaq ki, Zülfüqar Mansurov ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra o, həbsdən azad olunub.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev də saxlanılmışdı.
Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülmüşdü.