Belçika yaxın vaxtlarda Ukraynaya 3 “F-16” qırıcısının təhvil verilməsi məsələsini Fransa ilə razılaşdırmağı planlaşdırır.
Globalinfo.az biıdirir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken bildirib.
Frankenin sözlərinə görə, sözügedən qırıcılar Fransa istehsalı radioelektron mübarizə sistemləri ilə təchiz olunub. Bu səbəbdən onların Ukraynaya verilməsi üçün Fransanın razılığı tələb edilir.
Nazir məsələnin yaxın vaxtlarda həll ediləcəyinə ümid etdiyini bildirib:
“Biz bunu kifayət qədər tez həyata keçirə bilərik. Razılıq əldə edildikdən sonra F-16-lar təhvil veriləcək. İnanıram ki, bu məsələni yaxın vaxtlarda razılaşdırmaq mümkün olacaq. Bundan sonra logistika prosesinin təşkilinə başlayacağıq”.
Franken həmçinin Ukraynaya məxsus F-16 qırıcılarına Belçikanın “Sabena Engineering” şirkəti tərəfindən texniki xidmət göstərilməsi ilə bağlı problemlərin olması barədə məlumatları təkzib edib.
Onun sözlərinə görə, şirkət hazırda ayda dörd qırıcının texniki xidmətini həyata keçirir. Gələcəkdə bu göstəricinin altı təyyarəyə çatdırılması planlaşdırılır.
Bundan əlavə, Belçika Ukraynaya aviasiya sursatlarının tədarükünü davam etdirir. Ölkə sonuncu dəfə Ukraynaya 50 min ədəd aviasiya sursatı göndərib. Hazırda isə Belçika tərəfi Ukrayna Silahlı Qüvvələrinin yeni tələbi üzərində işləyir.
Əliyar Xəlil