Moskva və Berlin arasında gərginliyin pik həddə çatdığı bir vaxtda Almaniya kansleri Fridrix Merz Kiyevdən Rusiya Prezidenti Vladimir Putinə sülh danışıqları təklif edib.
Onun bu çağırışı Ukraynaya hücumu dayandıracaqmı və ölkəsini Rusiya ilə ehtimal olunan eskalasiyadan yayındıra biləcəkmi?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Almaniyanın təklifləri Rusiyanın təslim olması və güzəştə getməsi yönündədir:
“Bunu Rusiya tərəfi heç bir halda qəbul etməz. Hətta rəsmi Moskva bildirdi ki, rəsmi şəxslər Ukraynaya elan etmədən gediblər və bu, onların sağlamlığı və təhlükəsizliyi baxımından problemlər yarada bilər. Yəni göründüyü kimi, Rusiya açıq şəkildə Fridrix Merz və digər rəsmiləri hədələyir.
Bu, çox ciddi hadisədir. Yəni həmin şəxslər öldürülə bilərdi. Eyni zamanda, “Əvvəl atəşkəs olsun, sonra sülh danışıqlarına başlayaq”, – yanaşmasını Rusiya ultimatum kimi qəbul etdi. Proses eskalasiyanı daha da artıracaq”.
Turan Rzayev
Globalinfo.az