Rusiyanın bir sıra regionlarında ayıların sayına nəzarət məqsədilə 100 mindən çox heyvanın məhv edilməsi ilə bağlı tədbirlər hazırlanır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Mash” Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, belə tədbirlərin müzakirəyə çıxarılmasına ayı hücumlarının artması səbəb olub.
Rusiya Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2026-cı ildə yalnız Krasnoyarsk diyarında ayıların hücumu nəticəsində 59 nəfər xəsarət alıb, 6 nəfər isə həyatını itirib.
Hazırda ayı ovuna verilən icazə 30 gün qüvvədə olur. Bu müddət ərzində ov baş tutmadıqda icazə ləğv edilir və yenisinin alınması tələb olunur. Yeni sistemdə isə bu qaydanın və təxminən 5 min rubl məbləğində rüsumun ləğvi nəzərdə tutulur.
Bununla yanaşı, ayı ovunun pulsuz həyata keçirilməsi və ovçulara hər ovlanan heyvan üçün regiondan asılı olaraq 15-35 min rubl ödənilməsi planlaşdırılır.
Yeni qaydaların yaxın 10-30 gün ərzində Buryatiya, Tuva, İrkutsk vilayəti, Krasnoyarsk diyarı, Yakutiya, Maqadan vilayəti və Kamçatka ərazisində qüvvəyə minə biləcəyi bildirilir.
Safura Bənnayeva
Globalinfo.az