xerite 1

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələri, müqavilələri var.

Sitat:

“Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanıb. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır”.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, bu açıqlama özündə Azərbaycanın xarici siyasətində çoxvektorlu və balanslaşdırılmış tərəfdaşlıq modelinin daha da genişləndirilməsini ehtiva edir:

“Burada diqqət çəkən əsas məqam Azərbaycanın xarici siyasətində geosiyasi qütblərdən hər hansı birinə bağlanmaq əvəzinə, müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər qurmaq xəttidir. Prezident çıxışında Azərbaycanın heç bir düşərgəyə qoşulmadığını və müstəqil siyasət yürütmək niyyətində olduğunu xüsusi vurğulayıb. Bu yanaşma Azərbaycanın həm Avropa, həm ABŞ, həm də Çinlə münasibətlərini bir-birinə alternativ deyil, müxtəlif istiqamətlərdə milli maraqlara xidmət edən əlaqələr kimi təqdim edir.

Çinlə münasibətlər bu strategiyanın iqtisadi və nəqliyyat komponentini xüsusilə gücləndirir. Məlumdur ki, 2025-ci ilin aprelində Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalayıb. Sənəddə ticarət, investisiya, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

yusif bagirzade 900x498 1

ABŞ istiqamətində isə 2026-cı ildə Strateji Tərəfdaşlıq Xartiyası ilə regional bağlantı, iqtisadi investisiya və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün çərçivə müəyyənləşdirilib. Avropa İttifaqı ilə münasibətlərdə də siyasi dialoq, enerji, nəqliyyat və təhlükəsizlik əməkdaşlığı ön plana çıxır. Bu ilin mart ayında Azərbaycan və Aİ rəhbərləri tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə öhdəliklərini bir daha təsdiqləyiblər.

Beləliklə, Azərbaycanın yanaşmasında əsas məqsəd müxtəlif qlobal güclərlə münasibətləri qarşıdurma məntiqi ilə deyil, qarşılıqlı maraqlar əsasında qurmaqdır. Bu model Azərbaycana həm siyasi manevr imkanlarını qorumağa, həm də enerji, tranzit, investisiya və təhlükəsizlik sahələrində müxtəlif tərəfdaşlardan yararlanmağa imkan verən xarici siyasət çərçivəsi kimi təqdim olunur. Eyni zamanda belə çoxşaxəli diplomatiya tərəfdaşlar arasındakı geosiyasi rəqabət şəraitində daha mürəkkəb balanslaşdırma tələb edir. Yəni burada əsas məsələ tərəf seçməkdən çox, milli maraqları qoruyaraq müxtəlif tərəflərlə əməkdaşlığı eyni vaxtda davam etdirməkdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: