Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimov və Baş prokuror Kamran Əliyev Azərbaycan mətbuatına geniş müsahibə veriblər. Müsahibə əsnasında ölkə gündəmini maraqlandıran bir çox suallar cavablandırılıb.
Bütün bunlar nədən xəbər verir? İstintaq, dövlət ittihamı və məhkəmə sistemində nələrə hazırlıq gedir?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, müsahibədə bir çox maraqlı məqamlara toxunulub:
“Azərbaycan hüquqi dövlətdir və burada hakimiyyətlərin bölgüsü prinsipinə görə, məhkəmə hakimiyyəti qanunvericilik və icra hakimiyyəti ilə yanaşı üç hakimiyyət qolundan biridir. Məhkəmə hakimiyyəti Azərbaycan qanunvericiliyinə, Konstitusiyasına görə, müstəqil fəaliyyət göstərir. Ali Məhkəmə və Baş Prokurorluq məhkəmə hakimiyyətinə aiddir.
Baş Prokurorluq Azərbaycanda ərazi və ixtisaslaşmış bütün prokurorluqların tabe olduğu bir qurumdur. Bu qurum müxtəlif fəaliyyət istiqamətləri ilə məşğul olur. Qanunlara görə, cinayət işlərinin istintaqını aparır, istintaqa və təhqiqata nəzarət həyata keçirir, məhkəmə orqanlarında ittihamçı qismində çıxış edir, məhkəmə qərarlarından protestlər verir, qanunların icrasına nəzarət həyata keçirir. Bütün bu fəaliyyətləri Baş Prokurorluq həyata keçirir. Bu fəaliyyətə rəhbərlik edən bir qurumun rəhbərinin, birinci şəxsinin müsahibəsi, təbii ki, hüquqi dövlət baxımından bizim cəmiyyət üçün önəm kəsb edir.
Xəyal Bəşirov
Ali Məhkəmə Azərbaycan qanunvericiliyinə görə, ixtisaslaşmış və ümumi məhkəmələrin hamısının tabe olduğu, eyni zamanda inzibati, mülki, cinayət və kommersiya işlərinə baxan məhkəmələrin tabeçiliyinin göstərildiyi ən yuxarı məhkəmə instansiyasıdır. Ali Məhkəmə Azərbaycanda məhkəmə hakimiyyətinə nəzarət həyata keçirir”.
X.Bəşirov qeyd edib ki, Ali Məhkəmənin sədri İnam Kərimov həm də Məhkəmə-Hüquq Şurasının rəhbəridir:
“Məhkəmə-Hüquq Şurası da Azərbaycanda fəaliyyət göstərən məhkəmələrin fəaliyyətinə nəzarət həyata keçirir. Əvvəllər Azərbaycanda Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri idi.
Bundan əvvəl məhkəmə hakimiyyəti ayrıca bir qol olduğuna görə ədliyyə nazirinin icra hakimiyyəti qoluna aid olan bir şəxs kimi Məhkəmə-Hüquq Şurasına rəhbərlik etməsi o qədər də hüquqi dövlət anlayışı ilə uzlaşmadığına görə yeniliyə görə artıq Ali Məhkəmənin sədri, yəni məhkəmə hakimiyyətinə aid olan bir şəxs Məhkəmə-Hüquq Şurasının rəhbəridir.
Azərbaycanda məhkəmə hakimlərinin sayı iş yükünün artmasına və işəbaxma müddətinin artmasına gətirib çıxarır. Azərbaycanda bu günə olan məhkəmələrin hakimlərinin sayına toxunan Ali Məhkəmənin sədri 113 məhkəmədə ümumilikdə 700-ə qədər hakimin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Sədrin qeyd etdiyinə görə, bu, Avropada orta saydan da azdır. Yəni Avropada hər 100 min şəxsə 21 hakimin düşdüyü halda, Azərbaycanda bu say 7 nəfərdir. Yəni 3 dəfə azdır. Təbii ki, bu da iş yükünə təsir göstərir.
Azərbaycanda say baxımından bu məqamın dilə gətirilməsi böyük önəm kəsb edir. Ümumilikdə kəmiyyət-keyfiyyət məsələlərini nəzərə alsaq, burada daha çox keyfiyyət amili önəm kəsb etməlidir”.
Hüquqşünasın sözlərinə görə, Baş prokuror sözügedən müsahibəsində müxtəlif məsələlərə münasibət bildirib:
“Bu gün dünyada baş verən proseslərlə bağlı rəqəmsal sahədə cinayətlərin artması məqamına toxunub. Ümumilikdə tendensiya baxımından Azərbaycanda cinayətkarlığın və kriminogen durumunun azalması ilə bağlı məqama toxunsa da, rəqəmsallaşan dünyada, o cümlədən Azərbaycanda o sahədə cinayətlərin sayının artmasına diqqəti yönəldib.
Dünyada tendensiya və təcrübə bunu göstərir ki, cəzaların sərtləşdirilməsi, ağırlaşdırılması, cəzaçəkmə məsələlərinin sayının artması heç də kriminogen durumunun yaxşılaşmasına gətirib çıxarmır. Əksinə, cinayətkarlığın qarşısını vaxtında almaq, eyni zamanda maarifləndirici işlər aparmaq və müxtəlif digər sahələrdə, hətta cəza siyasətinin humanistləşdirilməsi — hansı ki Azərbaycan bunu dəfələrlə edib — kriminogen durumuna daha müsbət təsir göstərir. Bu, təkcə Azərbaycana münasibətdə deyil, ayrı-ayrı dövlətlərə münasibətdə də belədir”.
Müsahibədə maraqlı bir məqam Xəyal Bəşirovun diqqətini cəlb edib:
“Ali Məhkəmə sədri İnam Kərimov süni intellektin bir çox hallarda bütün dünyada, o cümlədən bizim cəmiyyətdə bir sıra peşə sahələrini gələcəkdə əvəz edəcəyi ilə bağlı suala cavab verib. O, hakimlərin gələcəkdə süni intellektlə əvəz edilib-edilməyəcəyi ilə bağlı sualı şəxsən süni intellektə ünvanlayıb. Süni intellektin cavabı belə olub: “Bunu yaxşı olar ki, hələ ki hakimlər görsünlər, mənim görəcəyim iş deyil”.
İnam Kərimov
İnam bəy bunu onunla əsaslandırıb ki, burada əsas iki amil var: ədalət və vicdan amili. Bu da yalnız insana aiddir. Digər varlıqlarda bu xüsusiyyətin olub-olmaması hələ ki sübut edilməyib.
Ədalətsizlik və vicdansızlıq da insana xas xüsusiyyətlərdir. Təəssüf ki, bəzən digər peşə sahələrində, o cümlədən hakimlərdə də bu xüsusiyyətləri görürük. Artıq Azərbaycan dövləti bununla bağlı addımlar atıb. Bir sıra hallarda hakimlərin məsuliyyətə cəlb edilməsi, cəzalandırılması, o cümlədən prokurorluq sahəsindəki şəxslərin, icra hakimiyyəti başçılarının, digər rəhbər şəxslərin məsuliyyətə cəlb edilməsinin şahidi olmuşuq.
Bu gün də korrupsiya, rüşvətxorluq, hüquqa və qanuna zidd fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi prosesi gedir. Təbii ki, bu, Azərbaycanda dövlət siyasətinin təqib edilməsinin bir göstəricisidir”.
Safura Bənnayeva
Globalinfo.az