WhatsApp Image 2026 10 02 at 17.09.23

Türkiyə uzun illər regionda seçkilərin keçirilməsi, çoxpartiyalı siyasi sistem, ədalətli hüquq sistemi və güclü dövlət institutları ilə fərqlənən örnək ölkə olsa da, son illərdə vəziyyət surətlə dəyişir. Ölkənin daxili siyasi mənzərəsində baş verənlər bu modelin ciddi dəyişikliklərə məruz qaldığını göstərir. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP-nin) uzun müddətdir ölkədə iqtidarda olması ildən-ilə daha mərkəzləşmiş siyasi xətt tutmasına gətirib çıxarıb. Nəticədə məhkəmə sistemi, media sektoru və təhlükəsizlik qüvvələri hakim elitanın əlində cəmlənib. Müxalifət nümayəndələrinin həbsi, əvəzində PKK lideri, türk xalqının əksəriyyətinin hələ də terrorçu saydığı Abdullah Öcalan və digər şəxslərin siyasətə gətirilməsi cəhdləri Türkiyənin demokratik gələcəyi ilə bağlı müzakirələri gündəmə gətirib.

Qeyd edim ki, Freedom House-un 2026-cı il hesabatında Türkiyə 100 mümkün baldan 32 balla “azad olmayan ölkə” kateqoriyasında göstərilib. Təşkilat siyasi hüquqların və vətəndaş azadlıqlarının vəziyyətindəki problemlərə, hakimiyyətin müxalifət və tənqidçilər üzərində təzyiqinə diqqət çəkir.

İmamoğlunun həbsi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş prezidentliyə namizədi Əkrəm İmamoğlunun həbsi Türkiyədə son illərin ən sensasiyalı hadisələrindəndir. Məlum olduğu kimi, İmamoğlu 2025-ci il martın 19-da korrupsiya və mütəşəkkil cinayət fəaliyyəti ilə bağlı istintaq çərçivəsində saxlanılıb. Martın 23-də isə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Maraqlı məqam ondan ibarətdir ki, bu proses onun CHP daxilində prezidentliyə namizədliyinin irəli sürülməsi ilə eyni dövrə təsadüf edirdi. Daha maraqlısı isə bundan əvvəl İstanbul Universitetinin onun diplomunu ləğv etməsi idi. Qeyd edim ki, Türkiyə qanunvericiliyinə görə, prezidentliyə namizədin ali təhsilli olması tələb olunur.

WhatsApp Image 2026 10 02 at 17.09.39

Qanunvericilikdən danışmışkən, İmamoğlu barəsində korrupsiya ittihamları irəli sürülüb və o, bu ittihamları, təbii ki, qəbul etmir. Türkiyə hakimiyyəti isə məhkəmələrin müstəqil fəaliyyət göstərdiyini bildirir. Halbuki ölkədə məhkəmələrin müstəqilliyi və ədalətli qərarlar verməsi Türkiyənin özündə belə ciddi müzakirə mövzusudur.

Misal üçün, 2025-ci ildə Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən “Məhkəmə hakimləri, respublika prokurorları və inzibati hakimlərin püşkatma mərasimi”ndə Prezident R. T. Ərdoğan hakim və prokurorların təyinatlarını açıqlayarkən Özlem Zengin prezident Ərdoğana müraciət edərək bunları söyləmişdi:

“Cənab Prezident, onun adını püşkatmada dərhal görməyəcəyik, amma qardaşım oğlu Arif Dağhanın adını qeyd etmək istərdim. Ən azından, sizə salamlarını çatdırmasını istəyirəm. Onda adını püşkatmada görə bilərik”.

WhatsApp Image 2026 10 02 at 17.08.33 1

Bu zaman Zenginin qardaşı oğlu ayağa qalxıb özünü Ərdoğana təqdim etdi. Zengin sonra dedi: “Təbrik edirəm, Arif, tezliklə yerini biləcəyik”.

Bu misal Türkiyənin ədalət sisteminin durumunu özlüyündə izah edir. Lakin siyasi baxımdan diqqətçəkən məsələ başqadır. Ölkənin ən böyük şəhərinin seçilmiş rəhbəri və Ərdoğana qarşı potensial prezident rəqibi həbsdədir.

Human Rights Watch bu işi tək bir cinayət işi kimi deyil, CHP nümayəndələrinə qarşı daha geniş hüquqi təzyiqlər kontekstində qiymətləndirir. Təşkilatın araşdırmasına görə, İmamoğlunun həbsi və digər CHP nümayəndələrinə qarşı istintaqlar müxalifətin siyasi fəaliyyət imkanlarına ciddi təsir göstərir.

Əslində, AKP-ni qorxudan və hərəkətə keçirən əsas hadisə 2024-cü il bələdiyyə seçkiləri oldu. Həmin seçkilərdə CHP ölkə üzrə 37,8 faiz, Ədalət və İnkişaf Partiyası (AKP) isə 35,5 faiz səs toplamışdı. Beləliklə, CHP 22 ildən sonra ilk dəfə ölkə üzrə səslərin sayına görə AKP-ni geridə qoymuşdu. Bu nəticədən sonra müxalifətin siyasi çəkisinin artması Türkiyədə hakimiyyət-müxalifət münasibətlərini daha da həssaslaşdırdı.

Proses, əlbəttə, İmamoğlu ilə yekunlaşmadı. CHP-yə mənsub bələdiyyə rəhbərləri və digər siyasi fiqurlar barəsində araşdırmalar başladı, seçilmiş merlər vəzifədən uzaqlaşdırıldı, onların yerinə dövlət tərəfindən təyin edilmiş qəyyumlar gətirildi.

Bay Kamalın qayıdışı

Təbii ki, məsələnin bir də Kamal Kılıçdaroğlu və Özgür Özəl tərəfi var. Belə ki, Ankara məhkəməsi Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv etdi. Qərara əsasən, partiyanın sədri Özgür Özəl vəzifəsindən kənarlaşdırıldı. Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər sədr postuna bərpa edildi. Qeyd edim ki, qurultay qərarı ilə illərlə partiyaya rəhbərlik etmiş Kamal Kılıçdaroğlu məğlub olmuş və Özgür Özəl yeni sədr seçilmişdi.

Lakin daha sonra Hatayın keçmiş bələdiyyə başçısı Lütfü Savaş və bir qrup nümayəndə qurultay zamanı nümayəndələrə təzyiq göstərildiyini, bəzi proseslərin qanuna uyğun aparılmadığını və seçkiyə müdaxilə edildiyini iddia edərək qurultayın ləğvini tələb etdilər. Sonradan məsələ təkcə partiyadaxili mübahisə səviyyəsində qalmadı, prokurorluq da prosesə qoşuldu və “seçki saxtalaşdırılması” iddiası ilə cinayət işi açıldı.

Əslində, Kamal Kılıçdaroğlunun yenidən CHP rəhbərliyinə qaytarılması AKP üçün çox usta gediş idi: “Parçala və hökmranlıq et siyasəti”.

WhatsApp Image 2026 10 02 at 17.08.13

Özgür Özəl qərarı qəbul etməyərək partiyanın qrup iclasında CHP ilə vidalaşdığını və yeni siyasi partiya yaradacağını açıqladı. Qısa müddət ərzində Özəl “Yeni Partiya”nı qurdu. Ümumi vəziyyət isə hazırda belədir: Ə.İmamoğlu həbsdədir, K.Kılıçdaroğlu parçalanmış və daha zəif CHP-nin rəhbəridir, Özgür Özəl isə “Yeni Partiya”ya rəhbərlik edir. Yəni hər şey AKP-nin istədiyi kimi getdi.

Əsarət altındakı türk mediası

Məhkəmə-hüquq sistemini əlinə alıb rəqiblərini sıradan çıxaran AKP etdiklərini pərdələmək, cəmiyyəti manipulyasiya etmək üçün media sektorunu da əlində cəmləyib. Türkiyədə bu sahədəki problemlər artıq beynəlxalq hesabatlarda da öz əksini tapır. Sərhədsiz Reportyorlar Təşkilatının 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində Türkiyə 180 ölkə arasında 163-cü yerdə qərarlaşıb. Təşkilatın məlumatına görə, ölkədə milli media qurumlarının təxminən 90 faizi hökumətin nəzarətindədir. Həmçinin hökuməti tənqid edən media orqanlarına qarşı maliyyə təzyiqləri, cərimələr, hüquqi təqiblər və senzura halları qeyd olunur.

Daha əvvəl də müxalifətə yaxın televiziya kanalları cərimələr, yayım məhdudiyyətləri və jurnalistlərin saxlanılması ilə üzləşib. Human Rights Watch da İmamoğlu işi ilə bağlı məlumatlarında müxalifətə yaxın televiziya kanallarının cərimələrə, yayım qadağalarına və jurnalistlərin saxlanılmasına məruz qaldığını qeyd edib.

İndi isə gələk əsas məsələyə. Təcrübə göstərir ki, müxalif düşüncənin səsinin kəsilməsi, media müstəqilliyinin zəifləməsi nəticəsində ictimai müzakirələrin keyfiyyəti də ciddi zərər görür. Çünki vətəndaş yalnız hakimiyyətə yaxın informasiya mənbələrindən məlumat alırsa, siyasi qərarları obyektiv qiymətləndirmək imkanları məhdudlaşır.

Misal üçün, BMT Baş Assambleyasının 81-ci iclasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsinə qarşı Türkiyənin sosial şəbəkə seqmentində kampaniya başlandı. Ölkəmizə, xalqımıza, ölkə rəhbərliyinə qarşı kin və nifrət qusulur, təhqiramiz ifadələr səsləndirilirdi. İndi hər şey daha yaxşı anlaşılır!

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: