ramizin gelini

“T-Kredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) 2026-cı il iyulun 28-də verilən lisenziya ləğv edilib. Azərbaycan Mərkəzi Bankı (AMB) bununla bağlı qərar verib. Bu təşkilat Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur. Belə ki, “T-Kredit” MMC “Bank BTB”nin təşkilati-hüquqi formasını dəyişərək BOKT-a çevrilməsi nəticəsində yaranıb. “Bank BTB” ASC-nin lisenziyası isə cari ilin iyulun 27-də ləğv olunub. Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı 76,7 faiz payla Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17.7 faiz) və Tükəzban Mahmudova (5,6 faiz) olub.

Ramiz Mehdiyevin ailəsinin maliyyə imperiyasında nə baş verir? Mehdiyevlər ailəsi iflasa doğru gedir?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu məsələdə mühüm bir detal var:

“T-Kredit”in lisenziyasını AMB pozuntuya görə deyil, məhz təşkilatın öz ərizəsi əsasında ləğv edib. AMB-nin açıqlamasında “T-Kredit” üçün belə səbəb göstərilir. Eyni qərarla “Fintrend” BOKT-un lisenziyası isə prudensial tələblərə əməl edilməməsi və Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim olunması səbəbindən ləğv edilib. Bu iki hadisəni eyniləşdirmək düzgün olmaz. Əslində “T-Kredit” məsələsində baş verən prosesə bütöv baxmaq lazımdır. “Bank BTB” əvvəlcə bank kimi fəaliyyətini dayandıraraq BOKT-a çevrilib. AMB mart ayında bu çevrilməyə ilkin razılıq verib, iyulun 27-də “Bank BTB”nin bank lisenziyasını ləğv edib və onun hüquqi varisi olan “T-Kredit”ə BOKT lisenziyası verib. Bankın aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi də həyata keçirilib, əmanətçilərin və kredit müştərilərinin müqavilə şərtlərinin qorunduğu bildirilib. Cəmi iki ay sonra isə “T-Kredit” öz ərizəsi ilə BOKT lisenziyasından imtina edib. Bu, əlbəttə, həmin biznes strukturunun əvvəlki formada fəaliyyətini davam etdirmək istəmədiyini göstərir. Amma bu, avtomatik olaraq ailənin bütün maliyyə aktivlərinin iflası demək deyil”.

Akif N%C9%99sirli 900x506 1

Akif Nəsirli

İqtisadçı bildirib ki, burada likvidlik, kapitalın strukturu, aktivlərin kimə, hansı şərtlərlə ötürüldüyü, borclar və digər aktivlərin vəziyyəti barədə əlavə məlumatlar lazımdır:

“Bank BTB”nin bank statusundan çıxarılması özü əhəmiyyətli hadisədir. Bank biznesindən BOKT modelinə keçid maliyyə fəaliyyətinin miqyasını və imkanlarını ciddi şəkildə dəyişir. Bank depozit qəbul edə, daha geniş maliyyə xidmətləri göstərə və daha böyük resurs bazası ilə işləyə bilir. BOKT-un fəaliyyət imkanları isə daha məhduddur. Buna görə “Bank BTB”nin əvvəlki formada fəaliyyət göstərməsinin dayandırılması həmin ailənin maliyyə sektorundakı mövqeyinin zəifləməsi kimi qiymətləndirilir, amma bunu “iflas” adlandırmaq üçün maliyyə göstəriciləri yoxdur.

Əsas məsələ odur ki, hazırda söhbət bir maliyyə institutunun hüquqi formasının dəyişməsindən və ardınca yeni BOKT lisenziyasının könüllü şəkildə dayandırılmasından gedir. Bunun arxasında biznes qərarı, aktivlərin yenidən strukturlaşdırılması, maliyyə strategiyasının dəyişdirilməsi və ya başqa səbəblər dayana bilər. Bu barədə AMB əlavə açıqlama verməyib. Ona görə indiki mərhələdə ən düzgün nəticə belədir: “T-Kredit” hadisəsi Mehdiyevlər ailəsinin maliyyə sektorundakı əvvəlki mövqeyinin əhəmiyyətli dərəcədə daraldığını göstərən faktlardan biridir, lakin ailənin bütövlükdə müflis olması, “maliyyə imperiyasının dağılması” barədə nəticə çıxarmaq üçün açıq məlumat bazası kifayət etmir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: