“Politico” qəzeti məlumat yayıb ki, ABŞ müdafiəyə çox vəsait xərcləyən bəzi Avropa-NATO ölkələrini Pentaqonun Alyansın gələcəyi ilə bağlı keçirəcəyi görüşə dəvət etməyib.
Bildirilib ki, gələn ay Polşada keçirilməsi planlaşdırılan və ABŞ müdafiə nazirinin müavini Elbric Kolbinin rəhbərlik edəcəyi görüş NATO-nun gələcəyi ilə bağlı işçi qrupunun toplantısı olacaq. Lakin Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr görüşə dəvət almayıblar.
Nəşr bu ölkələrin müdafiəyə əhəmiyyətli vəsait xərclədiyini və Alyansda mühüm rol oynadıqlarını vurğulayıb. Sözügedən dövlətlərin diplomatları onların niyə görüşdən kənarda saxlanıldığını anlamadıqlarını bildiriblər.
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, burada iki ehtimal var:
“Birinci ehtimal ondan ibarətdir ki, ABŞ müdafiə xərcləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələrin bu görüşdə iştirakını məqsədəuyğun hesab etməyib. Vaşinqton bununla öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyən ölkələri müəyyənləşdirməyə və onları daha çox məsuliyyət götürməyə inandırmağa çalışa bilər. Yəni ABŞ bu görüşdən NATO daxilində müdafiə xərcləri ilə bağlı mövqeləri uzlaşdırmaq və öz tələblərini digər üzv dövlətlərə qəbul etdirmək üçün istifadə etmək istəyir. Lakin bu, məsələyə ilk baxışdan verilə biləcək ən sadə izahdır.
İkinci ehtimal isə daha çox geosiyasi maraqlarla bağlıdır. ABŞ müdafiəyə böyük vəsait ayıran və NATO daxilində mühüm mövqeyə malik bəzi ölkələri bu görüşə dəvət etməyib. Bunun səbəbi həmin dövlətlərin Rusiya ilə münasibətlərdə fərqli yanaşmalara malik olması ola bilər. Prezident Donad Trampın rəhbərlik etdiyi administrasiya Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır. Lakin Avropada bu siyasətə ehtiyatla yanaşan və ya ona qarşı çıxan ölkələr var. Xüsusilə Almaniya və Fransa kimi dövlətlərin Rusiya ilə münasibətlər məsələsində mövqeyi Vaşinqtonun yanaşmasından fərqlənə bilər.

Turab Rzayev
Bu baxımdan, ABŞ-ın bəzi Avropa ölkələrini görüşdən kənarda saxlaması yalnız müdafiə xərcləri ilə əlaqəli olmaya bilər. Burada NATO-nun gələcək siyasi xəttinin müəyyənləşdirilməsi, Rusiya ilə münasibətlərin hansı istiqamətdə inkişaf etdirilməsi və Avropa dövlətlərinin bu prosesdə oynayacağı rol da nəzərə alına bilər.
Əslində, ABŞ-ın bu addımı NATO daxilində mövcud olan fikir ayrılıqlarının daha geniş müstəvidə özünü göstərdiyinə işarə edir. Vaşinqton Alyansın gələcəyini müəyyənləşdirərkən Avropa ölkələrinin hamısının maraqlarını eyni səviyyədə nəzərə almaq istəməyə bilər. Bu isə gələcəkdə ABŞ və Avropa arasında təhlükəsizlik siyasəti ilə bağlı müzakirələrin daha da mürəkkəbləşməsinə səbəb olar”.
Turan Rzayev
Globalinfo.az