Onlayn istehlak kreditlərinin rəsmiləşdirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Artıq vətəndaşlar öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə və kredit limitinin onlayn artırılmasına məhdudiyyət qoya biləcəklər. Eyni zamanda, onlayn kreditlər üzrə vəsaitin təqdim olunması üçün gözləmə müddəti tətbiq ediləcək.
Bəs yeni qaydalar vətəndaşların onlayn kreditlərdən istifadəsinə və maliyyə təhlükəsizliyinə necə təsir edəcək? Bu dəyişikliklər borclanma risklərinin qarşısının alınmasında nə dərəcədə effektiv ola bilər?
Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, yeni qərar əsasən kibertəhlükəsizlik və dələduzluğun qarşısının alınmasına yönəlib:
“Mətbuatda da dəfələrlə bu barədə vətəndaşların narazılıqları, həmçinin təklifləri dərc edilib. Vətəndaşların narahatlığını aradan qaldırmaq və bu kimi neqativ halların qarşısını almaq məqsədilə gözləmə müddəti, həmçinin limit tətbiqi müəyyən edilib. Onlayn kreditə müraciət vətəndaşın, xüsusilə ehtiyac yarandığı halda vaxt baxımından işlərini asanlaşdırsa da, digər vacib məqam həm vətəndaşın, həm də qurumun məsuliyyətli yanaşmasıdır”.
İqtisadçının sözlərinə görə, yeni sistemin tətbiqi dələduzluq hallarının tamamilə aradan qaldırılmasına zəmanət vermir:
“Hər hansı sayta və ya tətbiqə daxil olarkən şəxsiyyət vəsiqəsi məlumatlarının paylaşılması nəticəsində üz görüntülərinin əldə edilməsi birbaşa təhlükə yarada bilər. Digər məsələ isə qurumla əlaqədardır. Çoxsaylı vətəndaş müraciətlərində qeyd olunur ki, onların internetə çıxışı belə yoxdur, lakin adlarına kredit götürülüb və həmin şəxslər dələduzluq hallarına məruz qalıblar. Təbii ki, şəxsin iddiaları doğrudursa, bu zaman məsuliyyət qurumun üzərindədir. Krediti təmin edən bank məsuliyyət daşımalıdır”.
Zaira Akifqızı
Globalinfo.az