Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı. Belə ki, yeni qərara əsasən, əvvəl tətbiq olunan illik 20 min manatlıq kumulyativ hədd ləğv olunur. Bir elektron köçürmənin məbləği 20 min manat və ya daha çox olduqda əməliyyat barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat veriləcək. Bundan başqa, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir ay ərzində elektron köçürmələrinin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay üzrə növbəti köçürmələr də hesabatlandırılacaq. Yeni qərarın əvvəlki 20 min manatlıq mexanizmlə bağlı yaranan ictimai müzakirələrdən sonra qəbul edilməsi diqqət çəkir.
Növbəti mərhələdə kartdan-karta köçürmələrə tətbiq olunan limitlərin də dəyişdirilməsi və ya aradan qaldırılması mümkündürmü?
Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, Maliyyə Monitorinqi Xidməti vəsaitlərin dövriyyəsinə çirkli pulların yuyulması, vergidən yayınma və bu qəbildən olan digər neqativ iqtisadi halların qarşısı alınsın deyə nəzarət edir:
“Lakin monitorinq prosesi heç bir halda biznes mühitinə və iqtisadi aktivliyə mənfi təsir göstərəcək səviyyəyə çatmamalıdır. İşin əsas incəliyi də məhz bundan ibarətdir. Bu məsələdə düzgün yanaşma tətbiq edilmədikdə, belə qərarlar qəbul olunur və qısa müddət sonra ləğv edilir. İstənilən iqtisadi qərarın qəbul olunması, ictimaiyyətə açıqlanması və dərhal ləğv edilməsi bazarda inamsızlıq yaradır, iqtisadi aktivliyə mənfi təsir göstərir. İllərdir sağlam iqtisadiyyatın formalaşdırılması istiqamətində iqtisadçılar, ekspertlər və alimlər nağdsız ödənişlərin təşviqi ilə bağlı iş aparırlar. İnsanların kartdan istifadəyə və nağdsız ödənişlərə alışması uzun zaman tələb edir. Belə bir vəziyyətdə bir gün ərzində qəbul edilən və sonradan ləğv olunan qərarla illərlə görülən işlərin üzərindən xətt çəkmək düzgün deyil. Nəinki kartdan-karta köçürmələrə tətbiq olunan limitlərin də dəyişdirilməsi, aradan qaldırılması, nağdsız ödənişlə bağlı istənilən məhdudiyyətləri aradan götürmək lazımdır. Tutaq ki, siz monitorinq aparırsınız və insanlar kartla ödənişdən, bank dövriyyəsindən uzaqlaşaraq nağd ödənişlərə qayıdırlar. Bu halda həmin prosesə necə nəzarət ediləcək? Belə məhdudiyyətlərin insanları yenidən nağd dövriyyəyə və nəticə etibarilə kölgə iqtisadiyyatına yönəltmə ehtimalı var”.
Ekspert bildirib ki, iqtisadi qərarlar qəbul edilərkən daha ciddi yanaşma və əvvəlcədən məsləhətləşmələr aparılmalıdır:
“Çünki kartla və nağdsız ödəniş mədəniyyətinin formalaşdırılması uzunmüddətli prosesdir. İnsanları bu sistemə cəlb etmək üçün illərlə təbliğat və izahat işi aparılır. Məhdudiyyətlər tətbiq etməklə insanları nağd və qeyri-rəsmi dövriyyəyə yönəltmək olmaz. Sağlam iqtisadiyyat üçün davamlı maarifləndirmə aparılmalı, insanlara izah verilməli və iqtisadi aktivliyi məhdudlaşdırmayan, çevik mexanizmlər yaradılmalıdır”.
Ləman İmran
Globalinfo.az