iraq

ABŞ Silahlı Qüvvələrinin hərbçiləri “Sarsılmaz qətiyyət” (“Inherent Resolve”) əməliyyatı başa çatdıqdan sonra belə İraq ərazisinə zərbələr endirilməsini istisna etmirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti amerikalı məmura istinadən məlumat yayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (CENTCOM) bildirilib ki, missiya Suriyada fəaliyyət göstərən silahlı qruplaşmalara qarşı mübarizə aparmaq üçün İordaniyaya köçürüləcək.

Nəşrin həmsöhbətinin sözlərinə görə, ABŞ hərbçiləri və ya Vaşinqtonun maraqları üçün təhlükə yaranacağı təqdirdə, Suriyadan İraq ərazisinə zərbələr endirə biləcək.

Qeyd edək ki, sentyabrın 30-da İraqın Baş naziri Əli əz-Zeydi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkə ərazisindəki missiyasının başa çatdığını açıqlayıb. ABŞ hakimiyyəti də bu məlumatı təsdiqləyib.

Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2014-cü ildə, ilk növbədə, İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı mübarizə məqsədilə yaradılıb. Həmin ilin yayında qruplaşmanın silahlıları İraq ərazisinin böyük hissəsini ələ keçirib. 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə İraq hökumət qüvvələri ekstremistlərin nəzarətində olan ərazilərin azad edilməsi üçün genişmiqyaslı əməliyyata başlayıb.

2017-ci ilin dekabrında İraqın o vaxtkı Baş naziri Heydər əl-Abadi İŞİD-in tamamilə məğlub edildiyini açıqlayıb. 2020-ci ilin yanvarında isə İraq parlamenti xarici qoşunların ölkə ərazisindən tamamilə çıxarılmasını tələb edən qətnamə qəbul edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: