Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dondurmalı olduğunu bildirib və Moskvanı sülh danışıqlarına başlamağa çağırıb.
Tokayev qeyd edib ki, dövlət başçıları Ukrayna ərazisində hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır.
“Ukrayna xalqına, onun tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və dilinə böyük hörmətlə yanaşıram. Onu da başa düşürəm ki, müasir şəraitdə müharibəni dərhal başa çatdırmaq real deyil. Bəlkə, artıq bu münaqişəni dondurmaq və İstanbul 2.0 formatına qayıtmaq lazımdır. Çünki orada əhəmiyyətli nəticələr əldə edilmişdi. Təbii ki, böyük dövlətlərin zəmanəti ilə”, – o, söyləyib.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiyanın Ukraynada apardığı müharibə açıq şəkildə işğalçı müharibədir:
“Bu müharibənin müdafiə ediləcək heç bir tərəfi yoxdur. Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev isə uzun müddətdir Rusiya ilə Qərb arasında balans yaratmağa çalışır. Lakin son illərdə bu siyasəti həyata keçirmək əvvəlki dövrlə müqayisədə daha da çətinləşib. Xüsusilə Qazaxıstan Qərblə münasibətləri inkişaf etdikcə, Tokayevə qarşı gözləntilər və tələblər də artır.

Qabil Hüseynli
Tokayevin Rusiyanın müharibə siyasətinə təsir imkanları da məhduddur. O, birmənalı şəkildə bu müharibəni dayandıra bilməz. Lakin ən azı müharibənin niyə dayandırılmasının vacibliyini Rusiya Prezidenti Vladimir Putinə izah edə, Moskvanın qərarlarına təsir göstərməyə cəhd edə bilər. Tokayevin Putinlə şəxsi və siyasi əlaqələri ona müəyyən mesajları birbaşa çatdırmaq imkanı verir.
Lakin Tokayevin mesajlarının Kreml tərəfindən nə dərəcədə nəzərə alınacağı başqa məsələdir. Nəticədə Qazaxıstan Rusiya ilə çoxşaxəli və strateji əhəmiyyət daşıyan münasibətlərə malikdir və Astananın Moskva üzərində təsir imkanları Rusiyanın xarici siyasət qərarlarını dəyişdirəcək səviyyədə deyil. Buna görə də Tokayevin Putinlə apardığı hər hansı dialoqun nəticəsinin nə olacağını zaman göstərəcək”.
Turan Rzayev
Globalinfo.az