Yazar Nadir Qocabəyli özünün sosial şəbəkə hesabında jurnalist Əvəz Zeynallının ölümündən sonra başlayan ictimai müzakirələr haqda yazıb.
Globalinfo.az həmin yazının bəzi məqamlarını təqdim edir.
N.Qocabəyli jurnalistin ölümü ətrafında gedən fikir mübadiləsində bir neçə məqama diqqət çəkib. O, bildirib ki, Əvəz Zeynallının ölümü ilə bağlı fikirləri diqqətlə oxuyub-dinləyib:
“Hər şeyə rəğmən Əvəz Zeynallıya münasibətin bütövlükdə müsbət olduğunu söyləmək olar. Elə bu səbəbdən də bu ovqata (müvəqqəti də olsa) qarşı çıxmaq heç də ağıllı davranış olmazdı. Hətta tənqid etdikləri, onu həbs edənlər, ondan şikayətçi olanlar üçün də. Ocağa benzin tökmək təhlükəlidir. Odur ki, hər zaman olduğu kimi bu dəfə də durumdan sui-istifadə edənlər, siyasi xal qazanmaq istəyənlər, manipulyasiya edənlər oldu və bu məsələdə baş rolda yenə də mühacirətdə olan blogerlər idi. Bütün başlıqları oxusam da, yalnız Tural Sadıqlının çıxışını yarıya qədər dinləyə bildim”.
Nadir Qocabəyli bildirib ki, Tural Sadıqlı Əvəz Zeynallının ölümünə görə Prezidentin köməkçisi Hikmət Hacıyevi günahlandırıb. Sitat:

Tural Sadıqlı
“İlk ağlıma gələn bu oldu ki, Tural Sadıqlı Hikmət Haciyevdən nəyinsə acığını çıxmağa çalışır. Amma sonra fikirləşdim ki, bəlkə də, belə təəssürat yaratmaq istəyir. Bunların bütün oyunlarını çözməkdə, açığı, acizəm…
Tural fikrini əsaslandırmaq üçün Əvəz Zeynallının bir çıxışına istinad etdi və bu uzun çıxışı tamaşaçılarına göstərdi. Mən də bir hissəsini dinlədim, ancaq mətləb aydın olduqdan sonra dayandırdım”.
N.Qocabəyli bildirib ki, Əvəz Zeynallı həmin çıxışında deyib ki, 2022-ci ilin iyul ayında media rəhbərlərinin Şuşaya səfərində onun dəvət olunmamasına göstərişi Hikmət Hacıyev verib. Yazar Ə.Zeynalllının H.Hacıyev haqda aşağılayıcı ifadələr işlətdiyini xatırladıb. Sitat:
“Tural Sadıqlının dediyinə görə, Əvəz Zeynallını bu çıxışdan ay yarım sonra həbs ediblər və bu həbslə Hikmət Hacıyev ondan qisas alıb. İstər-istəməz həmin həbsin detallarını xatırlamağa çalışdım və bəzi şeyləri yaddaşımda canlandırdım. Bu hadisənin təfərrüatı siyasi cəhətdən fəal, mətbuatı izləyən hər kəsə məlumdur.
Əvəz Zeynallı 10 sentyabr 2022-ci ildə külli miqdarda rüşvət alma ittihamı ilə saxlanılmışdı. O, “Baku Steel Company”nin həbsdə olan rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadan vəkil Elçin Sadıqov vasitəsilə 20 min manat rüşvət almaqda günahlandırılırdı. Bu pulu almaqla Əvəz Zeynallının Rasim Məmmədov haqqında təhqiredici məlumatların yayılmasını dayandırmaq, həmçinin müsbət imic formalaşdıran verilişlər hazırlamaq öhdəliyi götürdüyü deyilirdi.

O zaman Eynulla Fətullayevin yaydığı səs yazısı məsələni təsdiqləyən dəlil rolu oynadı. Fətullayev sonradan məhkəmədə verdiyi ifadədə bildirmişdi ki, səs yazısını ona vəkil Elçin Sadıqov verib. Bütün təfərrüatı bura yazmaq istəmirəm, istəyən internetdə axtarış verib tapa bilər.
O vaxt bu prosesi diqqətlə izləyib belə qənaətə gəldim ki, ittihamın doğruluq payı məntiqli görünür. Çünki məsələ ortada idi. Əvəz Zeynallını tanıdığımdan onun belə işlərdən pul qazanmaq şakərinə da bələd idim. Eyni zamanda o artıq bənzər bir işə görə həbsdə olmuşdu. Üstəlik vaxtilə mənim adımdan istifadə edərək Qənimət Zahidlə birlikdə belə bir “əməliyyat”da da iştirak etmişdi.
Bunlar hamısı yalan, şər-böhtan ola bilməzdi…
O, bahalı maşın sürür, TV redaksiyası saxlayırdı. Etiraf edək ki, tənqidçi jurnalistika nümayəndələrindən heç birində bu imkanlar yoxdur. Amma Əvəz Zeynallının həbsində siyasi motiv olduğunu tam danmıram. Ola bilsin ki, rüşvətxorluq edə-edə sakit dayansaydı, yəni özünü dürüst, qəhrəman jurnalist kimi qələmə verib, hakimiyyətə qarşı tənqidi çıxışlar etməsəydi, həbs olunmazdı”.
N.Qocabəyli vurğulayıb ki, Əvəz Zeynallını müdafiə edən adamların ən böyük arqumenti budur ki, milyonları yeyənlərə toxunan yoxdur, amma dolanışıq üçün beş-on min alanı həbs edirlər:
“Bu qənaət həmişə doğru olmasa da, ilk baxışda müəyyən qədər həqiqi görünə bilər. Ancaq yalnız siyasətdən xəbərsiz olanlara. Məlumatlı insanlar çox gözəl bilir ki, yazılmamış qaydaları pozan məmur milyonçular da cəzadan yayına bilmir. Bunun kifayət qədər örnəyi var.
İkincisi, əgər dən yox, din davası, yal yox, yol davası aparırsansa, fərqli, düz adam olmalısan. Mübarizə apardıqlarından fərqlənməlisən. Bilməlisən ki, bu yolda, aclıq, məhrumiyyət, hətta səfalət var. Çünki əyrilərə əyri yolla qalib gələ bilməzsən. Ən böyük səbəb odur ki, onlar bu yolu səndən daha yaxşı, hətta mükəmməl bilirlər. Elə ona görə də, qalib gəlmək şansın yoxdur. Əvəzin məğlubiyyətinin əsas səbəbi bu təhlükəni görməməsi oldu. Amma dürüst olsan, qalib gələ bilərsən, geci-tezi var. Özün qalib olmasan da, davamçıların bunu gerçəkləşdirər”.
“Əvəzin məğlubiyyəti təkcə onun yox, onu müdafiə edənlərin, onun yolunu davam etdirənlərin hamısının məğlubiyyətidir. Çünki bu yolda zəfər heç üfüqdə də görünmür…” – N.Qocabəyli deyib.
Nadir Qocabəyli daha sonra Tural Sadıqlının məlum çıxışını yenidən xatırladıb:
“Qayıdıram Turalın manipulyativ iddiasına. Yəni Hikmət Haciyevin bu həbsdə ehtimal olunan roluna.
Bilirsiniz, əzizlər, çoxunuz Hikmət Hacıyevdən qabaq onun sələflərini tənqid edir, hər şeyi onların üstünə atırdı. İndi onlar yoxdur, yəni artıq işləmir, vəzifə tutmurlar. Amma adlar dəyişsə də, vəziyyət bir o qədər dəyişməyib. Köhnə hamam, köhnə tas da demək olar…
Hikmət Hacıyevi mən də dəfələrlə tənqid etmişəm. Elə sonuncu dəfə Tural Sadıqlıya “vətənə xəyanət necə gedir” deyəndə bir yazı yazaraq bu ritorikanı təqdir etmədiyimi bildirdim. Amma nədənsə buna görə məni tutan yoxdur. Nəinki həbs olunmaq təhlükəsi, heç bu məsələ ilə bağlı cüzi təzyiq də hiss etməmişəm…
Deməli, məsələ təkcə Hikmət Hacıyevlik deyil. Əgər həqiqəti tapmaq istəyirsinizsə, qlobal-lokal, mədəni-mental səbəbləri araşdırın, siyasi konyukturanı, sistemin mahiyyətini doğuran faktorlara diqqət edin. Hakimiyyət təmsilçilərini tənqid edəndə özünüzə, üsullarınıza, dəsti-xəttinizə, prioritetlərinizə baxın. Baxın görün, Hikmət Hacıyevdən dahamı yaxşı oğlansınız? Ondan dahamı vicdanlı, dürüst, ədalətlisiniz? Məncə, yox. Hətta aşağıdasınız. Çünki hər kəs olduğu yerə layiqdir bu dünyada. Hikmət Hacıyevi üstələdiyiniz gün hakimiyyətdə siz olacaqsınız. Görək nə vaxtsa üstələyə biləcəksinizmi. Bu yolla çətin…”.