baki tbilisi 0

Gürcüstanla Azərbaycan arasında məbəd mübahisəsi davam edir. Gürcüstan Patriarxlığı sentyabrın 24-də bəyan etmişdi ki, Azərbaycan ərazisində yerləşən Kürmük məbədində aparılan işlər onlarla razılaşdırılmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Patriarxlığın Azərbaycan ərazisindəki məkanları adlandırarkən alternativ adlardan istifadə etməsini tənqid edib.

XİN Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının bəyanatına cavab olaraq bildirib ki, bu mövqe iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq ruhuna ziddir.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər strateji tərəfdaşlığa əsaslanır:

“Postmüharibə dönəmində Bakı-Tbilisi münasibətlərindəki strateji kontrlar daha da möhkəmlənib. Lakin Gürcüstandan Azərbaycana qarşı son zamanlar həyata keçirilən informasiya və ideoloji kampaniya həmin strateji məntiqin ruhuna ziddir. Buna görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı tam yerinə düşür və bununla da regionda tarixi mirasla əlaqədar yeni oyun qaydaları qurmaq cəhdlərinə qarşı bir mövqe kimi oxunur.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlər inkişaf edir. Bakının Cənubi Qafqazda təhlükəsizlik və sülh arxitekturasında tutduğu yer və ümumiyyətlə, regionun təhlükəsizlik qarantı kimi çıxış etməsi Gürcüstanı da Bakının prioritetlərinə dəstək verməyə təşviq edir. Ancaq təəssüflər olsun ki, bəzi qruplar münasibətlərin ruhuna, onun gələcək potensialına xələl gətirmək üçün addımlar atırlar. Bu məqamda Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin Gürcüstan üçün nə demək olduğuna diqqətlə baxmaq lazımdır.

aqsin kerimov 900x600 1
Aqşin Kərimov

Azərbaycan regionda bərabərtərəfli hüquqa əsasən münasibətlərin tərəfdarıdır və ölkəmizin xarici siyasət konsepsiyası hər bir ölkənin tarixi mirasına, onun keçmişinə əsaslanan, müasir bir dizaynda kurs götürür. Belə olduğu təqdirdə Azərbaycana qarşı aparılan kampaniyalar ancaq Bakının sülh modelinə zərbə vuracaq gücdə deyil. Hərçənd ki, rəsmi Bakı üçün bu, bir çağırışdır. Biz bu çağırışı XİN-in bəyanatında oxuya bilərik”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: