
Alimlər cəmi 20 saniyəlik səs yazısından ikinci tip şəkərli diabetin əlamətlərini müəyyən edə bilən süni zəka sistemi hazırlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tədqiqatçılar bildiriblər ki, alqoritm xəstəliklə əlaqəli ola biləcək müəyyən səs xüsusiyyətlərini analiz edir.
Tədqiqat zamanı diabeti olan şəxslərin səsində daha çox xırıltı və kobudluq, eləcə də danışıq zamanı nəfəsə nəzarətin zəifləməsi kimi xüsusiyyətlərin müşahidə oluna bildiyi müəyyənləşdirilib. Süni zəka isə insanın özü tərəfindən fərq edilməyə bilən bu akustik dəyişikliklərin məcmusunu təhlil edib.
Daha sonra sistemin nəticələri iştirakçıların qan analizləri ilə müqayisə edilib. Bu mərhələdə süni zəka diabeti olan şəxslərin 82 faizini düzgün müəyyənləşdirib.
Alqoritm iştirakçıları aşağı, orta və yüksək risk qruplarına da ayıra bilib. Diqqətçəkən məqam isə süni zəkanın aşağı risk qrupuna daxil etdiyi şəxslərin heç birində qan analizlərinin diabet və ya prediabet göstərməməsi olub.
Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəkdə səs analizi telefon danışığı və ya xüsusi mobil tətbiq vasitəsilə diabet üçün ilkin skrininq üsuluna çevrilə bilər.
Safura Bənnayeva
Globalinfo.az