Türkiyənin Ankara şəhərində qanunsuz mərc, dələduzluq və pornoqrafik məzmunlu paylaşımlarla əlaqəli olduğu müəyyənləşdirilən 417 internet saytının fəaliyyətinə giriş məhdudiyyəti tətbiq edilib.
Globalinfo.az “TRT Haber”ə istinadla xəbər verir ki, sentyabrın 21-dən 27-dək aparılan internet monitorinqi və açıq mənbələr üzrə araşdırmalar zamanı ümumilikdə 760 sosial media hesabı və URL ünvanı nəzərdən keçirilib.
Araşdırmalar nəticəsində qanunsuz mərc xidmətləri təqdim edən 341, fişinq yolu ilə dələduzluq həyata keçirən 6, pornoqrafik məzmun yayımlayan isə 70 internet saytı müəyyən olunub. Sözügedən resurslarla bağlı İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna məlumat verilib və onların girişinə məhdudiyyət qoyulub.
Bununla yanaşı, bu il baş vermiş və ilkin mərhələdə törədən şəxsin müəyyənləşdirilmədiyi kiber hadisələrlə bağlı araşdırmalar da davam etdirilib.
Çankaya rayonunda qeydə alınan ixtisaslı dələduzluq faktı Respublika Baş Prokurorluğunun koordinasiyası əsasında araşdırılıb və hadisənin törədilməsində şübhəli bilinən şəxs müəyyənləşdirilib.
Şübhəli şəxs barəsində qanunvericiliyə uyğun hüquqi tədbirlərin görülməsinə başlanılıb.