Britaniya polisi bir neçə nəfəri terrorçuluq və partlayıcı maddələrlə bağlı cinayətlər törətməkdə şübhəli bilərək saxlayıb. Həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin İrana qarşı zərbələri həyata keçirməsinə dəstək məqsədilə istifadə etdiyi aviabazanın yaxınlığındakı evlərdən sakinləri təxliyə edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, London şəhərindən təxminən 90 dəqiqəlik məsafədə, İngiltərənin qərbindəki Uelford kəndinin yaxınlığında yerləşən RAF Fairford aviabazasının ətrafında genişmiqyaslı fövqəladə xidmət qüvvələrinin cəlb olunduğu “böyük insident” elan edilib.
Qlosterşir polisi bildirib ki, bazar günü səhər saatlarında aviabazaya doğru hərəkət edən üç şübhəli nəqliyyat vasitəsi barədə məlumat daxil olduqdan sonra əraziyə əməkdaşlar göndərilib və beş nəfər “Partlayıcı maddələr haqqında qanun çərçivəsində cinayət törətməkdə şübhəli bilinərək” saxlanılıb. Daha sonra həmin şəxslər terror aktı hazırlamaqda şübhəli sayılıblar.
Polis rəisinin köməkçisi Riçard O’Konnor bildirib ki, 85 evdən sakinlər təxliyə edilib və orduya məxsus partlayıcı hərbi sursatların zərərsizləşdirilməsi qrupu nəqliyyat vasitələrini araşdırarkən 440 yard (təxminən 402 metr) uzunluğunda təhlükəsizlik kordonu yaradılıb.