2022-ci ildə əldə olunan Praqa razılaşmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ məsələsini beynəlxalq gündəmdə saxlamaq istiqamətində atdığı addımlar da diqqət çəkirdi. O, qondarma separatçı qurumun məktublarını Avropa İttifaqı Şurasının o vaxtkı prezidenti Şarl Mişelə təqdim edir, eyni zamanda müxtəlif xarici siyasətçilərin Qarabağa səfərlərinə şərait yaradılmasına imkan verirdi.
Bu addımların əsas məqsədlərindən birinin Qarabağ məsələsini beynəlxalq müstəvidə gündəmdə saxlamaq və Azərbaycan üzərində diplomatik təzyiqi artırmaq olduğu bildirilirdi.
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, 44 günlük Vətən müharibəsi müharibəsi bütövlükdə Cənubi Qafqazda geosiyasi vəziyyəti kökündən dəyişdi:
“Ermənistanın havadarları aydın gördülər ki, illərdir müdafiə etdikləri işğalçı, qondarma dövlət artıq rəsmi və hüquqi işğalçı dövlət kimi tanınmağa başlayır. Onlar bunu qəbul etmirdilər. Şarl Mişel də daxil olmaqla, erməni təcavüzkarların havadarları Ermənistanı müdafiə edib, işğalçılıq nəticəsində əldə etdikləri nailiyyətlərin bir qismini saxlamağa çalışırdılar. Onlar bunu işğalçılıq kimi deyil, erməni xalqının mübarizəsi kimi təqdim etməyə cəhd göstərirdilər.

Füzuli Qurbanov
Bu isə bütövlükdə real vəziyyətin təhrif olunması demək idi və Ermənistana mübarizəni həmin istiqamətdə davam etdirmək üçün əsas verirdi. Prezident İlham Əliyev yaxşı bilirdi ki, ərazi bütövlüyü tam təmin edilməlidir. 2022-ci ilin payızında Ermənistan tərəfi Azərbaycana maksimum təzyiq göstərmək üçün əlindən gələni etdi. Biz bu istiqamətdə Fransanın və digər ölkələrin atdığı addımları unutmuruq.
Şükür ki, bunlar alınmadı. Çünki onların qarşısında güclü Azərbaycan dövləti var idi. Antiterror əməliyyatı ilə Ermənistan həm hərbi, həm də informasiya sahəsində məğlub oldu”.
Turan Rzayev
Globalinfo.az