Mərkəzi Seçki Komissiyasında (MSK) son vəziyyət müzakirələrə səbəb olub. Belə ki, dairə seçki komissiyalarının yenidən formalaşdırılması prosesinin ciddi qanun pozuntuları ilə müşayiət olunduğu, prosesin ədalətsiz və qeyri-şəffaf keçirildiyi ilə bağlı iradlar səsləndirilir. Bu fonda MSK-nın tərkibinin formalaşdırılması məsələsi, eləcə də qurumun fəaliyyətinin necə qiymətləndirildiyi ilə bağlı müzakirələr aktuallaşıb.
Globalinfo.az-a danışan ÜMİD Partiyasının sədri İqbal Ağazadə deyib ki, MSK-nın dairə və məntəqə seçki komissiyalarının formalaşdırılması prosesində iştirak etmirlər:
“Ona görə də həmin proses zamanı hər hansı qanun pozuntusunun baş verib-vermədiyi barədə dəqiq məlumatımız yoxdur. Hansı qanun pozuntularının baş verdiyini və ya tərəflərdən hansının haqlı olduğunu bilmirik. Məsələ ondadır ki, MSK-nın dairə və məntəqə seçki komissiyaları belə deyil, fərqli prinsiplər əsasında formalaşdırılmalıdır. Tərəflərdən birinin komissiyaların heç birində – nə MSK-da, nə dairə, nə də məntəqə seçki komissiyalarında nümayəndələri olmalıdır. Çünki bitərəflərin təşkilatı və yerli strukturları yoxdur, onların əvəzinə nümayəndələri icra strukturları verir”.
İqbal Ağazadə
Partiya sədri qeyd edib ki, Seçki Məcəlləsi dəyişdirilməli və onun tələbləri yenidən formalaşdırılmalıdır:
“Bununla bağlı dəfələrlə çıxış etmişik, təkliflər paketini də cəmiyyətə təqdim etmişik. Partiyamızın həmin təklifləri mediada geniş müzakirə olunub. Biz MSK-nın, dairə və məntəqə seçki komissiyalarının fərqli prinsiplər əsasında formalaşdırılmasını təklif edirik. Hazırkı mərhələdə isə komissiyaların formalaşdırılması prosesində iştirak etmədiyimiz üçün burada hansı qanun pozuntularının baş verdiyi barədə dəqiq məlumata malik deyilik”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bildirib ki, vaxtilə MSK-da müxalifət nümayəndələri də təmsil olunub və onlar da seçki saxtakarlığına bilavasitə imza atıblar:
“Dairələrin və məntəqələrin bölüşdürülməsi ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsi mümkündür. Ola bilsin ki, müəyyən qruplar öz aralarında dairələri və məntəqələri bölüşdürür, öz adamlarını yerləşdirirlər. Bu mənada müəyyən mübarizə gedə bilər. Amma bunun Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur”.
Sərdar Cəlaloğlu
ADP sədri vurğulayıb ki, seçkinin şəffaf və ədalətli keçirilməsi əhəmiyyətlidir:
“MSK-nın, dairə və məntəqə seçki komissiyalarının tərkibindən, onların necə formalaşdırılmasından və müşahidəçilərin fəaliyyətindən asılı olmayaraq, əgər bir ölkədə həm iqtidar, həm də müxalifət real, ədalətli seçki keçirmək istəmirsə, o zaman komissiyaların, Seçki Məcəlləsinin və müşahidənin də ciddi mənası qalmır”.
Ləman İmran
Globalinfo.az