6aa70aac3cfca6aa70aac3cfcb17893321406aa70aac3cfc76aa70aac3cfc8

Xəzərin sahili boyu bulvarın genişləndirilməsi ilə Bakı şəhərinin dənizə olan çıxışı bilavasitə böyük bir ictimai məkan vasitəsilə təmin ediləcək.

Globalinfo.az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsi Heyətinin sədri Xanlar Ağalarov Report İnformasiya Agentliyi və “ARB” telekanalına geniş müsahibəsində deyib.

O xatırladıb ki, 2012-ci ildə mövcud Bakı bulvarı indiki Dövlət Bayrağı Meydanı və Bayıl istiqamətində, Su İdmanı Sarayı istiqamətində, 2015-ci ildə isə indiki Ağ Şəhər bulvarı istiqamətində genişləndirilib:

“Nəzərə almaq lazımdır ki, Bakı bulvarının yeri və forması da unikaldır. Çünki bulvar şəhərin mərkəzində olduqca uzun ərazini əhatə edən bir ictimai məkandır. Bulvar ərazisinin Zığ və Bibiheybət kimi şəhərin kifayət qədər uzaq nöqtələrini birləşdirən bir ictimai məkana çevrilməsi buranın sadəcə son təyinat nöqtəsi kimi deyil, şəhərin daxilində böyük bir ictimai dəhliz, yaşıllıq zolağına çevrilməsi mənasına gəlir. Digər tərəfdən isə bunun şəhərlə Xəzərin bağlılığı nöqteyi-nəzərdən böyük əhəmiyyəti var. Bakının həm tarixi, iqtisadiyyatı, kimliyi də Xəzər dənizi ilə bağlı olub. Dənizin sahili boyu bulvarın və bu yaşıllıq zolağının perspektiv olaraq genişləndirilməsi o deməkdir ki, Bakının Xəzərə olan çıxışı bilavasitə böyük bir ictimai məkan vasitəsilə təmin ediləcək”.

Sədr əlavə edib ki, bunun həm də ekoloji və iqlim dayanıqlılığı nöqteyi-nəzərindən çox böyük əhəmiyyəti var:

“Müasir şəhərsalmada mavi və yaşıl infrastruktur su hövzələrinin və yaşıllıq ərazilərinin yanaşı yerləşməsinin ekoloji dayanıqlılığa böyük təsirləri var. Həmin zolağın genişləndirilməsi ərazinin mikroiqliminə, istilik, havanın təmizliyi ilə bağlı göstəricilər, ərazinin biomüxtəlifliyi, insanların yaşıllıq və təbiət ərazilərinə çıxışının daha da asanlaşdırılması kimi məsələlərə öz təsirini göstərəcək”.

Paylaş: