Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. Yavaş siyasi fəaliyyətini bundan sonra müstəqil şəkildə davam etdirəcəyini bildirib.
Bununla yanaşı, Yavaşın 2028-ci il prezident seçkisindən sonra Türkiyə Prezidentinin müavini vəzifəsinə gətirilə biləcəyi ilə bağlı iddialar da səslənir. Onun Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən bir neçə gün sonra CHP-dən istefa verməsi bu iddiaların yenidən gündəmə gəlməsinə səbəb olub. Yavaşın özü isə prezidentliyə müstəqil namizəd olub-olmayacağı ilə bağlı bir açıqlama verməyib və yalnız siyasi fəaliyyətini müstəqil davam etdirəcəyini qeyd edib.
Bəs Yavaş müstəqil namizəd olacaq? Onun istefası CHP-də və Türkiyə müxalifətində nələri dəyişdirə bilər?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, CHP 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə əvvəlcə “Halk Fırkası” adı ilə yaradılıb:
“CHP Türkiyənin ən köklü siyasi partiyalarından biridir. Son dövrdə partiya daxilində ciddi siyasi proseslər və parçalanmalar yaşanıb.
CHP-də son zamanlar yarpaqlar tökülməyə başlayıb. Partiyanın 4-5 noyabr 2023-cü ildə keçirilmiş 38-ci Qurultayı ilə bağlı məhkəmə prosesi də partiya daxilində ciddi böhrana səbəb olub. 2026-cı ilin mayında Ankara Regional Ədliyyə Məhkəməsinin qərarı ilə 38-ci Qurultayın etibarsız sayılması və həmin qurultaydan əvvəlki vəziyyətə qayıdılması barədə qərar qəbul edilib. Bu qərara əsasən, Özgür Özel və partiya rəhbərliyinin vəzifədən uzaqlaşdırılması, Kemal Kılıçdaroğlu və əvvəlki partiya rəhbərliyinin isə vəzifələrinə qaytarılması nəzərdə tutulub. Qərardan sonra Özgür Özel və onunla birlikdə 90 deputat CHP-dən istefa verərək YENİ Partiyanın yaradılmasında iştirak edib. Özgür Özel YENİ Partiyanın sədri seçilib”.

Elşad Həsənov
Politoloqun sözlərinə görə, bu proseslərin fonunda CHP-nin əsas simalarından biri olan Mansur Yavaş da partiyadan istefa verib:
“Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra belə bir qərar verməsi müxtəlif siyasi şərhlərə səbəb olub. Təbii ki, Türkiyədə müxalifət daxilində parçalanmaların və yeni siyasi birliklərin yaranmasının siyasi sistemə təsiri ola bilər. Hazırkı proseslər də CHP-də ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Mən Mansur Yavaşın prezidentliyə namizəd olacağını düşünmürəm. O, açıqlamasında siyasi fəaliyyətini müstəqil davam etdirəcəyini bildirib. Ərdoğanla görüş zamanı Yavaşın siyasi gələcəyi ilə bağlı hər hansı razılaşmanın əldə edilib-edilmədiyini istisna etmək olmaz. Prezidentin müavini vəzifəsi ilə bağlı məsələnin də müzakirə edildiyi və ya razılaşdırıldığı barədə məlumatlar var.
CHP-də parçalanma prosesi gedir. Özgür Özelin YENİ Partiyanı yaratması və Mansur Yavaşın CHP-dən ayrılması partiyanın siyasi çəkisinə və müxalifət daxilindəki münasibətlərə təsir göstərə biləcək mühüm hadisələrdir”.
Safura Bənnayeva
Globalinfo.az