firdovsi 0

Mərkəzi Klinikanın Kardiologiya Şöbəsinin müdiri, Prof. Dr. Firdovsi İbrahimovun paylaşımı diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, o, sosial mediada barəsində yayılan məlumata aydınlıq gətirib.

Firdovsi İbrahimov açıqlamasında bildirib ki, haqqında söhbət gedən 60 yaşlı xəstə səhər saat 6 radələrində ağır ürək çatışmazlığı, hemodinamik qeyri-stabil vəziyyət və kardiyogen şokla Mərkəzi Klinikanın Təcili Tibbi Yardım şöbəsinə gətirilib.

Onun sözlərinə görə, xəstənin qanda oksigen saturasiyası 70 faiz, təzyiqi 80/50 mmHg, nəbzi isə 133 olub. Xəstənin ağciyər ödemində olduğu qeyd edilib.

“Yaxınlarına xəstənin vəziyyətinin ağırlığı barədə məlumat verilmiş və vəziyyətini stabilləşdirmək məqsədilə kardioreanimasiya təqibə alınmalı olduğu bildirilmişdir. Məlum olduğu kimi, Mərkəzi Klinika təsərrüfat hesablı bir müəssisədir, burada tibbi xidmətlər əsasən ödənişli olaraq həyata keçirilir. Klinika¬mızdakı bəzi xidmətlər icbari tibbi sığorta çərçivəsində həyata keçirilsə də, “Xidmətlər zərfi”nə daxil olmayan tibbi xidmətlər göstərildiyi halda ödəniş edilir. Bu barədə xəstə yaxınına öncədən qəbul şöbəsi tərəfindən məlumat verilmişdir və razılıqları alınmışdır. Ödəniş və xidməti qəbul etdikləri haqda da razılıq sənədlərini imzalamışlar. Xəstə kardioreanimasiya şöbəsinə yerləşdirildikdən sonra, xəstənin vəziyyəti nəzərə alınaraq xəstə yaxınlarının ödəniş etməsi gözlənilmədən dərhal protokola uyğun müalicə başlanılmışdır. Bu müddət ərzində xəstənin oğlu qeydiyyat şöbəsində müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Lakin buna baxmayaraq, xəstənin tam müalicəsini, evdən təcili olaraq gəlib, birbaşa özümün rəhbərliyimdə uğurlu şəkildə apardıq. Vəziyyəti nisbətən stabilləşdikdən sonra angioqrafiya laboratoriyasına köçürüldü. Xəstənin hər üç damarında darlıqlar aşkar edildi və ana damarın kritik olması səbəbindən açıq ürək əməliyyatı zəruri idi. Ancaq xəstənin ümumi vəziyyəti buna imkan vermədiyi üçün cərrahiyənin çox riskli olması və əməliyyatın isə bir neçə gün sonra mümkün ola biləcəyi müəyyən edildi”.

F.İbrahimov deyib ki, göründüyü kimi, xəstənin həyatı təhlükədə idi, gözləmək isə xəstənin itirilməsi ilə nəticələnə bilərdi:

“Bu halda Mərkəzimizdə olan yüksək texnoloji imkanlarla, ən müasir metodlar əsasında və peşəkar komandamız ilə xəstəni cərrahi əməliyyat etmədən, invaziv müdaxilə ilə kritik vəziyyətdən çıxarmaq qərarı verdik. Bu səbəbdən özüm və komandam yüksək məsuliyyət hissi ilə bir ananı xilas etmək üçün səfərbər olunduq. Damarını yüksək texnoloji ləvazimatlardan istifadə etməklə açdıq və bundan sonra xəstə klinik olaraq stabilləşdi. Unutmayın ki, bu tibbi sərvət və ləvazimatların hamısı Amerika və Yaponiyada istehsal olunan və çox bahalı ləvazimatlardır. Xəstənin kritik vəziyyətdən çıxdığını görən xəstə yaxını (oğlu) bir növ arxayıncasına, bütün mənəvi dəyər və normaları tapdalayaraq, göstərilən tibbi xidmətin ödənişindən yayınmaq üçün bir az öncə onun anasına “ikinci həyat” bəxş edən və gərgin əmək sərf edən peşəkar komandaya qarşı hörmətsizlik nümayiş etdirmiş və təhqiramiz ifadələr işlətmişdir. Xəstənin özü, anamız isə xəstəxanadan evə yazılarkən komandamıza öz təşəkkürünü bildirib”.

F.İbrahimov xəstənin oğlu ilə bir dəfə qarşılaşdığını qeyd edib:

“O, özünü işğaldan azad olunmuş ərazilərimizdən olduğunu bildirdi. Mən isə əgər müharibə iştirakçısıdırsa, xəstəxanada bu qrup şəxslərə ciddi güzəşt tətbiq olunduğunu bildirdim. Lakin yaşının uyğunluğuna baxmayaraq, Vətən müharibəsində iştirak etmədiyini bildirdi. Qeyd edim ki, bu müddət ərzində ağır xəstənin kardioreanimasiya yatışı, müalicəsi üçün xəstə yaxınları heç bir ödəniş etməmişdir. Bütün edilən qarayaxmalara, təhqiramiz ifadələrə baxmayaraq, biz öz işimizi vicdanla görmüş və xəstənin vəziyyəti stabilləşdikdən sonra müalicə təyin edərək evə yola salınmışdır. Dəyərli yoldaşlar, əziz bəzi media mənsubları, həkimlərə qarşı əsassız, heç bir açıqlamaya dayanılmadan, qarşı tərəf dinlənilmədən edilən bu cür qarayaxmalar nəticəsində bu gün ölkədə artıq həkim sayı ciddi azalmaqdadır. Bu kimi hallar səbəbindən sözügedən xəstədə olduğu kimi, bir çox klinikalar ağır xəstələri qəbul etməkdən imtina edir. Bu gün ölkəmizdə əksər həkimlər adından deyə bilərəm ki, ciddi etimad problemi yaşanılır. Hər kəsi öz adımdan ölkənin savadlı, istedadlı, peşəkar mütəxəssis və gənclərinə, işini vicdanla görən hər bir vətəndaşına qarşı aparılmış bu cür qarayaxma hallarına qarşı birlik olmağa və bu cür əsassız ittihamlara inanmamağa çağırıram. Bu cür xoşagəlməz davranışlar məyusluq yaradaraq işimizi çətinləşdirsə də, ölkə də bizimdir, Vətən də bizimdir.

Sonda isə dahi Nizami Gəncəvinin sözlərinə istinadən demək istəyirəm ki, dəyərli yoldaşlarım: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!”

Globalinfo.az

Paylaş: