dzhulani oon ahmad ash sharaa


Suriya Prezidenti Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı ölkəsinin uzunmüddətli təcrid dövrünü keçdiyino və bərpa mərhələsinə qədəm qoyduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Əhməd əş-Şaraa fikirlərini belə davam etdirib:

“Ötən il deyirdim ki, Suriya geri qayıdıb. Bu gün isə deyirəm: Suriya ayağa qalxır, xanımlar və cənablar. Biz xeyir ilə şər arasındakı mübarizədə yolumuza davam edirik. Qan tökülməsi dayandırılıb. Dağıntılar sona çatıb. Suriya bərpa və dirçəliş yoluna qədəm qoyub”, – deyə əş-Şaraa bildirib.

Suriya prezidenti ölkədə baş verən dəyişikliklərin əsas göstəricilərindən biri kimi milyonlarla suriyalının vətənə qayıtmasını qeyd edib. Onun sözlərinə görə, indiyədək təxminən 3,5 milyon suriyalı ölkəyə geri dönüb.

Əş-Şaraa Suriyanın artıq dünyadan və regiondan təcrid olunmadığını, ölkənin vətəndaşları üçün təhlükəsiz gələcək qurmağa çalışdığını vurğulayıb.

O, İsraillə münasibətlərə də toxunaraq bildirib ki, Dəməşq və Təl-Əviv arasında bir neçə dəfə danışıqlar aparılıb. Onun sözlərinə görə, tərəflər razılaşmanın əldə olunmasına təxminən 90 faiz yaxınlaşıblar. Lakin daha sonra İsrail əldə edilmiş razılaşmalardan geri çəkilib.

Əş-Şaraa vurğulayıb ki, Suriya əraziləri işğal altında qaldığı müddətdə tamhüquqlu sülh mümkün deyil. O, Colan yüksəkliklərinin Suriya ərazisi olduğunu qeyd edərək İsraili ölkəsindən qoşunlarını çıxarmağa çağırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: