Deputat Səyyad Aran millət vəkillərinin səlahiyyətlərinin genişləndirilməsinin vacib olduğunu bildirib. Bu açıqlama fonunda deputatların hazırda hansı hüquq və səlahiyyətlərə malik olduğu, eləcə də onların səlahiyyətlərinin hansı mexanizmlə artırılmasının mümkünlüyü məsələsi diqqət çəkir.
Globalinfo.az-a danışan keçmiş deputat, iqtisadçı Vahid Əhmədov deputatların səlahiyyətlərinin artırılması məsələsinə baxıla biləcəyini deyib:
“Bəzi məsələlərin həlli üçün deputatların səlahiyyətlərinin artırılmasına ehtiyac ola bilər. Amma bunun üçün Konstitusiyada dəyişiklik edilməlidir. Çünki Konstitusiyada hakimiyyətin üç qolunun hər birinin səlahiyyətləri müəyyənləşdirilib. O cümlədən deputatların da səlahiyyətləri təsbit olunub.
Milli Məclis seçkili orqandır. Bu orqanın səlahiyyətləri nə Prezidentin, nə də Baş nazirin səlahiyyətlərinə toxuna bilər. Çünki bunlar Konstitusiya ilə müəyyən edilir. Konstitusiyaya dəyişiklik edilmədən həmin səlahiyyətlərə müdaxilə etmək mümkün deyil”.
Vahid Əhmədov
V.Əhmədov bildirib ki, deputatlar mövcud səlahiyyətləri çərçivəsində də müəyyən məsələlərin həllinə təsir göstərə bilərlər:
“Bunu öz təcrübəmdən deyirəm. Müəyyən təmaslar qurmaq, istər nazirlər, istər komitə sədrləri, istərsə də icra başçıları ilə işləmək mümkündür. Amma əsas təmaslar əhali ilə qurulmalıdır. Deputatlar seçicilərlə daha çox görüşməli, onların problemlərini qaldırmalı və bu məsələlərin həlli istiqamətində çalışmalıdırlar.
Amma yenə deyirəm, müəyyən səlahiyyətlərə yenidən baxıla bilər. Deputatların səlahiyyətlərinin artırılmasına ehtiyac var. Çünki son vaxtlar deputatların qaldırdığı məsələlərə bəzən laqeyd yanaşılır. Bu, bizim dövrümüzdə də var idi. Mən bir sıra məsələlərə toxunurdum, lakin üstündən keçilir, cavab verilmirdi. Məsələdə israr etdikdə onun həllinə müəyyən qədər nail olmaq mümkün olurdu. Konstitusiyada dəyişiklik edilmədən isə deputatların səlahiyyətlərinə müdaxilə etmək mümkün deyil”.
Zaira Akifqızı
Globalinfo.az