pasinyan

Vətən müharibəsindən sonra Ermənistanın Qarabağla bağlı siyasəti yenidən gündəmə gəlib. Belə ki, Nikol Paşinyan hakimiyyətinin həmin dövrdə qondarma rejimə maliyyə və digər formalarda dəstək verdiyi bildirilir. Ermənistanın rəsmi məlumatlarına görə, 2021-ci ildə Qarabağın büdcəsinin 73 faizi Ermənistan hökuməti tərəfindən maliyyələşdirilib, 2022-ci il üçün isə 144 milyard dram yardım nəzərdə tutulub.

Paşinyan hakimiyyətinin müharibədən sonra separatçı rejimə dəstək verməkdə məqsədi nə idi?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Vətən müharibəsindən sonra Ermənistanın qarşısında iki ziddiyyətli reallıq yaranmışdı:

“Bir tərəfdən, müharibənin nəticələri Ermənistanın əvvəlki Qarabağ siyasətinin imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı. Digər yandan isə Ermənistan hakimiyyəti daxili təzyiq səbəbilə “Qarabağ erməniləri” adlandırılan kütlənin hüquq və təhlikəsizlik iddiaları səbəbilə siyasi məsuliyyətdən tamamilə çəkilə bilmirdi. 2020-ci il məğlubiyyətindən sonra Paşinyan hökuməti ciddi ictimai təzyiqlə üzləşmişdi. Qarabağ məsələsində maliyyə və sosial dəstəyi davam etdirmək hakimiyyət üçün həm Qarabağ ermənilərinə, həm də Ermənistan cəmiyyətinə “məsuliyyətdən imtina etmədiyi” mesajını vermək baxımından əhəmiyyət daşıyırdı. Buna görə İrəvanın maliyyə dəstəyini davam etdirməsinin ilk motivlərindən biri daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyırdı. Bilirik ki, hər nə qədər real olmasa da, Ermənistan hökumətinin açıqlamalarında maaşların, pensiyaların, səhiyyə və təhsil xərclərinin maliyyələşdirilməsi, kommunal ödənişlər və mənzil proqramları xüsusi olaraq qabardılırdı”.

yusif bagirzade 900x498 1

Yusif Bağırzadə

Politoloq bildirib ki, ikinci amil siyasi idi:

“Paşinyan 2022-ci ildə açıq şəkildə bildirirdi ki, Ermənistanın əvvəlki “status” yanaşmasından daha çox Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsinə keçməsi lazımdır. Onun sözlərinə görə, status artıq məqsəd deyil, təhlükəsizlik və hüquqların təmin edilməsinə xidmət edən vasitə kimi nəzərdən keçirilməli idi. Bu, İrəvanın bir tərəfdən Azərbaycanla danışıqları davam etdirməsi, digər tərəfdən isə Qarabağ ermənilərinin məsələsini danışıqlar gündəmində saxlamaq cəhdi idi.

Eyni zamanda, burada geosiyasi hesablamanı da nəzərə almaq lazımdır. Paşinyan Qarabağ məsələsini tamamilə bağlamaq əvəzinə, onu təhlükəsizlik, hüquqlar və beynəlxalq təminatlar müstəvisində saxlamaqla bir tərəfdən Ermənistanın diplomatik manevr imkanlarını qorumağa cəhd edir, digər tərəfdən isə Qarabağ erməniləri kartından istifadə edərək donor təşkilatlardan külli miqdarda vəsait toplamağa çalışırdı.

Odur ki, Ermənistanın 2020-2023-cü illərdə Qarabağa maliyyə dəstəyinin arxasında daxili auditoriyanın təzyiqi, Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsini beynəlxalq gündəmdə saxlamaqla danışıqlarda müəyyən təsir imkanlarını qorumaq və maliyyə dəstəyi əldə etmək kimi bir neçə amilin birləşdiyini söyləmək mümkündür”.

Ləman İmran
Globalinfo.az

Paylaş: