WhatsApp Image 2026 09 21 at 13.17.59

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi ölkənin ali rəhbəri Müctəba Xameneinin yoxa çıxdığını və sağ olduğu halda gizləndiyini bildirib.

Pəhləvi tərəfdarlarına müraciət edərək İranda hakimiyyət dəyişikliyinin yaxın olduğunu söyləyib. O, İslam Respublikasının əvvəlki dövrlə müqayisədə daha zəif və tükənmiş vəziyyətdə olduğunu iddia edib.

Rza Pəhləvi İran hakimiyyətinə qarşı mübarizədə xarici ölkələrlə əməkdaşlıq edəcəklərini bildirib. O, bu əməkdaşlığın məqsədinin İran xalqının azad edilməsi olduğunu vurğulayıb.

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, dünyanın ən məlumatlı insanı ABŞ Prezidenti Donald Tramp olmalıdır, çünki ona hesabatlar verilir:

“Ona hər cür kəşfiyyat məlumatları verildiyi halda, bir ildir səsləndirdiyi proqnozlar özünü doğrultmur. O da dəfələrlə deyib ki, İran məğlub olub, zəifləyib. Lakin faktiki olaraq, hazırkı mənzərədə məğlub olan İran yoxdur.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Sual yaranır: Trampın dedikləri özünü doğrultmursa, Rza Pəhləvinin dedikləri necə düz ola bilər? Doğrudur, onun İranda hələ də tərəfdarları var və onlar Rza Pəhləviyə müəyyən informasiyalar verirlər.

Pəhləvi keçən ildə də çox aktiv idi. Hətta atası kimi taxta oturmağa hazırlaşırdı. İran xalqının onu hakimiyyətə gətirəcəyinə çox inanırdı. Lakin bunların heç biri özünü doğrultmadı.

İndiki məqamda görünür ki, Pəhləvi öz tərəfdarlarını aktiv saxlamağa çalışır. Həqiqətən, İranda vəziyyət ağırdır, insanlar dəyişiklik arzulayırlar. Lakin bunu edəcək şəxs Pəhləvi deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: